11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan banklarına aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması qaydası yenilənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nı təsdiqləyib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Eyni zamanda AMB-nin 29 dekabr 2001-ci il tarixli “Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların aparılması Qaydaları” ləğv edilib.

Qərara əsasən, aidiyyəti şəxslərə qarşı kredit tələblərinin məcmu miqdarı bir hüquqi şəxs üzrə – bankın məcmu kapitalının 10%-dən, bir fiziki şəxs üzrə – bankın məcmu kapitalının 3%-dən və bütün aidiyyəti şəxslər üzrə – bankın məcmu kapitalının 20%-dən çox olmamalıdır.

Bank əhəmiyyətli aidiyyəti şəxsə krediti təminatsız verə bilməz. Belə ki, kreditin təminatı qismində kreditlə eyni valyutada olan pul vəsaitləri çıxış etdikdə, həmin təminatın nominal dəyəri kredit tələbinin 100%-dən az olmamalı, kreditin təminatı qismində digər birinci qrup təminatlar çıxış etdikdə, həmin təminatların bazar dəyəri kredit tələbinin 125%-dən az olmamalıdır.

Bundan başqa, bank qismən əhəmiyyətli aidiyyəti şəxsə krediti aşağıdakı şərtlər daxilində verə biləcək:

– kreditin təminatı qismində kreditlə eyni valyutada olan pul vəsaitləri çıxış etdikdə, həmin təminatın nominal dəyəri kredit tələbinin 100%-dən az olmamalı;

– kreditin təminatı qismində bu Qayda ilə müəyyən edilmiş təminatlar istisna olmaqla digər birinci qrup təminatlar çıxış etdikdə, həmin təminatların bazar dəyəri kredit tələbinin 125%-dən az olmamalı;

– kreditin təminatı qismində ikinci, üçüncü və dördüncü qrup təminatlar çıxış etdikdə, həmin təminatların bazar dəyəri kredit tələbinin 150%-dən az olmamalı;

– təminatların bazar dəyəri müəyyən edilmiş hədlərdən aşağı olduqda, kreditin təminatı qismində beşinci qrup təminatlar çıxış etdikdə, yaxud təminatsız verildikdə bu cür kredit tələblərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır.

Bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən aidiyyəti şəxs krediti müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı əsasında, aktivl ərin 5%-dək hissəsini təşkil edən aidiyyəti şəxs krediti isə səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın Müşahidə Şurasının və ya bu qaydanın tələbi nəzərə alınmaqla İdarə Heyətinin (İH) qərarı əsasında veriləcək.

Qismən əhəmiyyətli aidiyyəti şəxs krediti bankın səhmdarları, Müşahidə Şurasının və icra orqanının üzvləri istisna olmaqla digər aidiyyəti şəxslərə bankın İH-nin qərarı ilə aşağıdakı şərtlər və limitlər daxilində verilə bilər:

– İH-nin qərarı ilə bir aidiyyəti şəxsə verilmiş kredit tələblərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0.01%-dən çox olmamalı;

– İH-nin qərarı ilə bütün aidiyyəti şəxslərə verilmiş kredit tələblərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır.

“Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası” bir aydan sonra qüvvəyə minəcək.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər