İndoneziyanın Açeh və Cava-Timur əyalətlərində dabaq, İsveçin Skane əyalətində Nyukasl, Bolqarıstanın Qabrovo vilayətində, ABŞ-ın Yuta ştatında, Filippinin İsabela, Cənubi Davao, Cənubi Kotabato və Maqindanao əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatında deyilir.
Ölkə ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə İndoneziyanın qeyd olunan əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən İsveç, Bolqarıstan, ABŞ, Filippinin qeyd olunan ərazilərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, bu ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.