9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan dövlət büdcəsinin kəsiri 82% artırılır

Yenidən baxılacaq Azərbaycanın 2017-ci il dövlət büdcəsinin kəsiri təsdiq olunmuş göstəriciyə nisbətən 530 mln. manat və ya 82,2% artırılaraq 1 175 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-in 1,8%-nə bərabər olacaq.

AZƏRTAC-a istinadən, bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

S.Şərifov qeyd edib ki, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin xərclərinə yenidən baxılması zərurəti yaranıb. Xərclərin maliyyələşdirilməsində Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin maliyyə nəticələrinə görə əldə edilmiş mənfəətindən ayırmalardan Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğun olaraq tətbiq olunan sanksiya və cərimələrin həddinin artırılması və beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payından formalaşan gəlirlər üzrə proqnozlaşdırılan daxilolmalardan, büdcə təşkilatlarının əlavə büdcədənkənar gəlirlərindən, bir sıra xərclər üzrə tətbiq edilən azalmalar hesabına yaranan sərbəst vəsaitdən, həmçinin 2017-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından istifadə olunacaq.

Nazir deyib ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 25,2%-ni təşkil etməklə, mütləq ifadədə 16 766 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1 041 mln. manat artırılaraq 17 941 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2% çox olacaq.

Bu ilin dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2 383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq, 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat artırılaraq 4,5 mlrd. manata çatdırılacaq. Xərclərin artırılmasının əsas səbəbi dövlətə məxsus uşaq bağçalarının saxlanılması xərclərinin tənzimlənməsi, həmçinin şəhər və rayonlarda yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi üçün maliyyə təminatının yaradılması ilə bağlı olub.

İclasda “Reklam haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxılıb. Qeyd olunan qanun layihələrində texniki dəyişiklər edilir.

Həmçinin iclasda yeni hazırlanmış “Hesablama Palatası haqqında” qanun layihəsi barədə müzakirələr aparılıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov layihə ilə bağlı rəy və təkliflərini bildirib.

Müzakirə edilən sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər
Digər xəbərlər