Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlərin Atlası” elektron formatda www.pest-atlas.az saytı kimi istifadəyə verilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verilir.
Məlumatda deyilir ki, atlasdan karantin müfəttişləri ilə yanaşı, həm də elm adamları, müəllimlər, tələbələr, idxal və ixracla məşğul olan sahibkarlar və bu sahəyə marağı olan müxtəlif şəxslər istifadə edə bilərlər.
Saytda atlas kitab kimi yerləşməklə yanaşı, axtarış bölməsi də mövcuddur. Hər hansı zərərli orqanizmlə maraqlanan şəxs axtarış bölməsinə yazmaqla, bu barədə atlasdan məlumatı tapa bilər. Bundan əlavə, bitki mühafizəsi, zərərvericilər və onlara qarşı mübarizə ilə bağlı müxtəlif mövzularda yazılı və videomateriallar saytda yerləşdirilib. Sayt mütəmadi olaraq yenilənərək, öz izləyicilərini yeni məlumatlarla təmin edəcək.
Atlasda ölkənin florası, o cümlədən kənd təsərrüfatı əhəmiyyətli bitkiləri üçün təhlükəli hesab edilən, eyni zamanda xarici və daxili karantin tətbiq olunan ziyanverici orqanizmlər haqqında həm illüstrativ, həm də icmal xarakterli məlumatlar öz əksini tapıb. Kitab Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən, habelə karantin tətbiq olunan zərərli orqanizmlərin siyahısına əsasən hazırlanıb.
Ölkənin müxtəlif qurumlarından cəlb edilmiş mütəxəssislərin əməyi nəticəsində hazırlanmış atlasda Azərbaycanda ilk dəfə olaraq müxtəlif bölmələrə aid (zərərverici həşəratlar, göbələklər, bakteriyalar, viruslar, nematodlar və alaq otları) karantin əhəmiyyətli ziyanlı orqanizmlər bir yerə toplanaraq, oxuculara təqdim olunur”.