6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan dünya bazarlarına “qırmızı qızıl”la çıxır

Azərbaycanda istixana biznesi genişlənir. Bu sahəyə dövlət dəstəyinin artması iş adamlarını istixana yaratmağa həvəsləndirib. Rəsmi məlumatlara görə, Azərbaycanda 12 min hektardan çox ərazidə istixana salınıb ki, bunun da 4 min hektardan çoxu modern, ən müasir üsulların tətbiq olunduğu, 8 min hektara qədəri isə ənənəvi istixanalardır. Son məlumatlara görə, hazırda ölkədə 400 hektara qədər ərazidə yeni istixana kompleksləri salınır.

İstixanalara dövlət dəstəyi bir neçə istiqaməti əhatə edir. Belə ki, indiyədək İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 312 hektar ərazidə 58 müasir istixananın tikintisinə 200 milyon manat güzəştli kredit ayrılıb. Bunlardan 49 istixana artıq istifadəyə verilib, 9-nun tikintisi davam edir.

Bundan əlavə, istixanalar digər kənd təsərrüfatı istehsalçıları kimi, bütün vergilərdən azaddır. Onlarda istifadə olunan motor yağları və gübrələrə sərf olunan vəsaitlərin bir hissəsi dövlət tərəfindən ödənilir.

Eləcə də bax: Mərkəzi Bankdan sərt qərar: Azərbaycanlı milyarderin sərvəti müsadirə olunur

İstixanalarda məhsul istehsalı sürətlə artmaqdadır. Rəsmi statistikaya görə, əgər 2015-ci ildə örtülü torpaqlarda 41 889 ton tərəvəz istehsal olunubsa, 2016-cı ildə bu rəqəm 93 583 tona yüksəlib. Bunun 40 908 tonu Abşeron iqtisadi rayonunda istehsal olunub. İkinci yerdə 23 375 tonla Gəncə-Qazax iqtisadi zonası, 3-cü yerdə isə 11 710 tonla Aran iqtisadi zonası gəlir.

İstehsal olunan tərəvəzin böyük hissəsi xaricə ixrac olunur. Ötən il tərəvəz ixracı 124 min 519,6 ton təşkil edib, bundan 113 milyon 195,4 min dollar gəlir əldə olunub. Bu ixracın 122 325,4 tonu Rusiyaya olub. İkinci yerdə İraq gəlir – 710,4 ton təzə tərəvəz ixrac edilib, 3-cü yerdə gələn Gürcüstana isə 431,9 ton məhsul gedib.

Dövlət Gömrük Komitəsinin bazasına əsasən bu ilin 10 ayında isə Azərbaycandan 408 186.87 ton meyvə-tərəvəz ixrac olunub, 375 321.62 min dollar gəlir əldə edilib. Meyvə-tərəvəz Azərbaycanın ümumi ixracatında 4,15 faiz paya malikdir. Müqayisə üçün deyək ki, ötən ilin 10 ayında bu göstərici 3,76 faiz təşkil edib. Bu ilin 10 ayında təkcə pomidor ixracının həcmi 130 milyon dollar təşkil etməklə neft-qazdan sonra ölkə ixracatında 3-cü yerə çıxıb.

Rusiya və Körfəz bazarında Mərakeşlə “savaş”

Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev bildirir ki, hökumət bu sahəyə böyük önəm verir.

 

Assosiasiya rəhbəri deyir ki, istixana təsərrüfatları dövlət dəstəyi sayəsində yüksək inkişafa nail olub: “İlk dəfə bu sahə 2012-2013-cü illərdə Bakı kəndlərinin sosial iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində inkişaf etdirilməyə başlandı. Daha sonra gəlirli bir sahə olduğunu gördülər və ”Aqrolizinq” vasitəsilə çox bahalı kompleksləri iş adamlarına lizinqə verməyə başladılar. Bu, çox mühüm addım idi. Çünki heç kimin birdən-birə elə bahalı kompleksi gətirib quraşdırmağa imkanı yox idi, imkanı olan da 2-3 milyon dollarlıq bir müəssisə qurmağa risk etmirdi. Dövlət dəstəyi ilə o zaman haradasa 10 belə müəssisə quruldu. Sahibkarlar müəssisənin dəyərinin 10 faizini ödəyirdi, qalanı da faizsiz 10 ilə qaytarmalıydı.  Biz də götürmüşdük. O müəssisələr elə uğurlu oldu ki, 5-6 ildə istehsal 10 dəfəyədək artdı. Amma deyim ki, bu sahədə də risklər var. İşini yaxşı qura bilməyən sahibkarlar ziyana düşürlər”.

Image result for Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev
Bəşir Quliyev

B.Quliyevin sözlərinə görə, ümumilikdə, yaxşı işlədikdə bu sahəyə qoyulan investisiyanı 7-10 ilə tam qaytarmaq mümkündür. İnvestisiyaların həcmi rol oynamır. Məsələn, elə istixanalar var ki, bir hektara 300 min dollar, eləsi də var ki, 1 milyon dollar investisiya qoyulur.

B.Quliyev bildirir ki, son illərdə iş adamları yüksək texnologiyalı müəssisələr yaratmağa çalışırlar. Buna görə də keyfiyyətli avadanlıqlara üstünlük verilir: “Xırda, fərdi şəxslərin yaratdığı istixanalar ümumi istixanaların yarısını təşkil edir. İstixanalarda əsasən pomidor yetişdirilir. Pomidor bizim ”qırmızı qızıl”ımızdır”.

Onu da qeyd edək ki, istixana təsərrüfatı sahiblərinin qarşısında dayanan əsas məsələ hazırda bazar problemidir. Belə ki, bir tərəfdən Rusiya öz cənub əyalətlərində istixana təsərrüfatlarını genişləndirməyə qərar verib, dövlət dəstəyi gücləndirilib.

Digər tərəfdən, Türkiyə məhsullarının Rusiyaya ixracına icazə verilib. Bütün bunlar Azərbaycan tərəvəzinin ənənəvi bazarı olan Rusiyada müəyyən çətinliklər yaradır. B.Quliyevin dediyinə görə, buna görə də artıq digər MDB dövlətləri və Körfəz ölkələrində məhsullarımızı tanıtmaq üçün aktiv işlər görülür: “Rusiyada bizim məhsulumuzu tanıyırlar, ən bahalı seqmentdə satılır. Çünki alıcılar tanıyırlar və keyfiyyətli mal almaq istəyən məhz bizim məhsulu alır. Reallıq budur ki, Rusiya bazarı kimi varlı bazar da tapmaq çətindir. Körfəz ölkələrini biz indi əsas hədəf kimi götürmüşük. Bu ölkələrə malı 2,5-2,7 dollara satmalıyıq ki, bizə sərf etsin. Halbuki yaxınlıqdakı Mərakeş o məhsulu 1,3 dollara çıxarır bazara. Eyni qiymətə Rusiyaya da verir. Lakin Rusiya bazarında bizim məhsulu tanıyırlar deyə, Mərakeş məhsulu ilə rəqabətə davam gətirə bilirik. Körfəz ölkələrində isə hələ bizim məhsulları yaxşı tanımırlar. Tanıyanlar da son illərdə bura gəlib dadına baxanlardır. Ərəb turistlərin Azərbaycana axınının bizə gətirdiyi faydalardan biri də budur. İndi biz çalışırıq Körfəz ölkələrində məhsullarımızı daha çox adama tanıdaq”.

Türkiyə pomidorunun Rusiya bazarına buraxılması qiymət sahəsində bizim məhsula bir qədər problem yarada bilər. Amma burada yenə Azərbaycan pomidorunun keyfiyyəti öz sözünü deyir. Hazırda Rusiyada Azərbaycan pomidorunun kiloqramı 2,6-2,7 manat ekvivalentindədir”.

Rusiyada istixana biznesinə investisiya qoysaq…

Kənd təsərrüfatı üzrə mütəxəssis Müslüm İbrahimovun sözlərinə görə, hazırda Azərbaycan sahibkarlarının əsas qayğısı Rusiya bazarındakı mövqelərini qoruyub-saxlamaqdır: “Bizdə olan məlumata görə, azərbaycanlı mütəxəssisləri buradan aparırlar orada Azərbaycan texnologiyası istixana yaradırlar. Bu isə yaxın illərdə Rusiyada bizim məhsula rəqib olacaq məhsulun bazarı tutmasına gətirib çıxara bilər. Bu baxımdan, Rusiyada istixana sahəsinə bizimkilərin investisiya qoyub, sahəni nəzarətə götürmələri çox yaxşı olardı. Digər məqam budur ki, Azərbaycanda yerli, ənənəvi sortların yetişdirilməsini davam etdirmək lazımdır. Hansı ki, regionda ən keyfiyyətli sortlar elə bizimkilərdir. Düşünürəm ki, məhz bu sortların yetişdirilməsini davam etdirməklə Rusiyada bazar payını saxlamaq mümkündür. Bundan sonra isə digər bazarlara çıxış, möhkəmlənmək üçün işlər aparılmalıdır. Logistika imkanları genişləndirilməlidir”.

Onu da qeyd edək ki, hazırda Azərbaycanda istixana təsərrüfatlarına bağlı olan bir sıra xidmət sahələri də inkişaf etməkdədir. Bura paketləmə, qablaşdırma, yükləmə və daşıma xidmətləri daxildir. Hansı ki, məhsulun yaxın-uzaq bazarlara sağ-salamat çatmasında bu xidmətlərin rolu danılmazdır.

Son xəbərlər
Digər xəbərlər