5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Ermənistana dövlətlərarası münasibətləri normallaşdırmaq üçün baza prinsiplərini təqdim edib

“Bildiyiniz kimi, Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim edib”.

Bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  deyib.

Nazir xatırladıb ki, 44 günlük Vətən müharibəsi başa çatandan qısa müddət sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi üzərində işləməyə hazır olduğunu bəyan edib.

“Bu mesaj təxminən bir il öncə verilib. Bu bir il ərzində təklif bir neçə dəfə təkrar edilib. Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olaraq, həm ikitərəfli münasibətlərin inkişaf etməsində, eyni zamanda, regionda sülhün, tərəqqinin təmin edilməsində maraqlıdır. Qonşu dövlətlər arasında münasibətlərin olmaması, düşmənçiliyin qorunub saxlanılması nə Azərbaycana, nə də Ermənistana, eləcə də geniş mənada götürsək region üçün fayda gətirmir. Bundan irəli gələrək Azərbaycan bu təklifi irəli sürüb. Bir ilə yaxın müddət ərzində isə Ermənistan bu təklifə konkret cavab verməyib. Bundan sonra biz Azərbaycan tərəfi olaraq növbəti addımı atdıq və öz xoşniyyətimizi göstərdik. Növbəti addım nədən ibarət oldu? Ermənistan böyük sülh müqaviləsi üzərində işləməyə – daxili siyasi proseslər baxımından – hazır deyilsə, nəsə tərəddüdləri varsa, biz prosesi onlar üçün asanlaşdırdıq və onlar üçün növbəti sənədi təqdim etdik. Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması üçün baza prinsiplərini təqdim etdik. Həmin o prinsiplərə keçməyəcəm. Ancaq onu qeyd edə bilərəm ki, oradakı prinsiplər hamısı beynəlxalq hüquqa əsaslanır. Burada heç bir qeyri-adi müddəa yoxdur. Hesab edirik ki, həmin təklifləri rədd etmək çox məntiqsiz olar. Ermənistan tərəfinin cavabını gözləyəcəyik. Bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirik. Bir ilə yaxın müddət idi ki, sülh müqaviləsi təklifini vermişdik və buna heç bir cavab yox idi. Ancaq biz ikinci sənədi Ermənistana təqdim edəndən sonra dünən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistanın Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq üçün beynəlxalq vasitəçilərə müraciət etmək planlarını dilə gətirib. Bu ikinci təklifə müəyyən mənada Ermənistandan cavab reaksiyası idi”, – XİN başçısı qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər