Azərbaycan Mərkəzi Bankı (AMB) neftin bir bareli $25-30 olmaqla iqtisadiyyatın stabilləşməsi üzrə iş aparır. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov çərşənbə axşamı parlamentin plenar iclasında bildirib.
E.Rüstəmov inandırıb ki, ölkədə valyutaya tələbat ödəniləcək, valyuta likvidliyi bərpa ediləcək. “Valyuta bazarında vəziyyət sabitləşir. Biz banklara kifayət qədər valyuta veririk. Hətta dünən hərracda banklar satışa çıxarılan məbləğin hamısını almayıblar”, – deyə E.Rüstəmov vurğulayıb.
O xatırladıb ki, valyuta bazarında vəziyyətin stabilləşməsi məqsədilə AMB bankların filial, şöbə və baş ofislərindən kənarda fəaliyət göstərən mübadilə məntəqələrinin bağlanması haqqında qərar qəbul edib. “Nəticədə 200-dən artıq mübadilə məntəqəsi bağlanıb”, – deyə E.Rüstəmov əlavə edib.