9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan holdinqi Ukraynada “Vodafone”ni alıb – rəsmi

“NEQSOL Holding” “Vodafone Ukrayna” şirkətinin alışının yekunlaşmasını elan edir.

Holdinqdən verilən məlumata görə, şirkətin alışının maliyyələşdirilməsi “J.P. Morgan Securities Plc” və “Raiffeisen Bank International A.G.”nin rəhbərliyi ilə beynəlxalq fond və maliyyə qurumları qrupu tərəfindən təmin edilib.

Daha əvvəl “NEQSOL Holding” MTS ilə onun Ukraynada telekommunikasiya biznesinin 734 mln ABŞ dolları, o cümlədən 84 mln. dolları nəticə üzrə ödəmə müqabilində alınması barədə müqavilə imzalayıb.

“J.P. Morgan Securities Plc” şirkəti “NEQSOL Holding” üçün maliyyə məsləhətçisi qismində çıxış edib. “J.P. Morgan Securities Plc” və “Raiffeisen Bank International A.G.” müvafiq maliyyə vəsaitini təşkil edib. Maliyyələşmə prosesi beynəlxalq banklardan və institusional investorlardan ibarət qrupun iştirakı ilə təmin edilib.

“NEQSOL Holding”in investisiya komandası “DLA Piper”, PwC, “Deloitte” və “Detecon” şirkətlərinin iştirakı ilə ümumi M&A prosesinə rəhbərlik edib.

“Biz Ukraynanın ən uğurlu şirkətlərindən birini əldə etməklə beynəlxalq genişlənmə strategiyamızı həyata keçiririk. Bu razılaşmanın ərsəyə gəlməsində əməyi olan bütün tərəflərə təşəkkür edirəm. Strateji investor olaraq bizim uzunmüddətli hədəflərimiz var və şirkətin gələcək inkişafı üçün öz töhfəmizi verəcəyik”, – deyə “NEQSOL Holding”in təsisçisi və sahibi Nəsib Həsənov bildirib.

““NEQSOL Holding” müxtəlif ölkələrdə və sahələrdə beynəlxalq təcrübəyə və uğurlara malikdir, ən yüksək beynəlxalq maliyyə və komplayns standartlarına uyğun fəaliyyət göstərir. Bunun sayəsində biz nüfuzlu beynəlxalq maliyyə qurumlarından böyük maliyyə vəsaiti cəlb edə bildik. Ukraynanın ikinci böyük telekommunikasiya şirkəti “Vodafone Ukrayna”nın alışını uğurla tamamladıq. Bu, bizim beynəlxalq genişlənmə və yeni bazarlara çıxış strategiyamızda növbəti mühüm mərhələdir. “J.P. Morgan”, “Raiffeisen Bank International”, “DLA Piper”, “Linklaters”, “Deloitte”, PwC və “Detecon” kimi maliyyə vəsaitinin təşkilatçıları və məsləhətçiləri ilə sıx əməkdaşlıq sayəsində layihə rekord qısa müddətdə həyata keçirilib. Strategiyamıza əsaslanaraq, telekommunikasiya sahəsində qabaqcıl texnologiyalara və innovasiyalara davamlı investisiya yatırırıq”, – deyə “NEQSOL Holding”in baş icraçı direktoru Yusif Cabbarov qeyd edib.

“Biz regional telekommunikasiya sektoruna əhəmiyyətli xarici sərmayə gətirən, Ukraynada möhtəşəm satınalmada iştirak etməkdən məmnunuq”, – deyə “J.P. Morgan Securities Plc”də CEEMEA Kredit Maliyyələşməsi üzrə rəhbəri Puja Turner bildirib.

APA

Son xəbərlər
Digər xəbərlər