Ötən gün kifayət qədər nüfuzlu “Cable” qurumu yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı açıqlayıb. Statistikaya əsasən, Azərbaycan 208 ölkə arasında 142-ci pillədə qərarlaşıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə mövcud siyahının obyektiv olmadığını qeyd edir.
Nazirliyin cavabında qeyd olunub ki, “Cable.co.uk” təşkilatının təqdim etdiyi statistik göstəricilər subyektiv xarakter daşıyır və ölkə üzrə internetin tam mənzərəsini əks etdirmir:
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumları tərəfindən şəhər əraziləri və regionlar arasında rəqəmsal fərqin azaldılması, informasiya cəmiyyətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.
Həyata keçirilmiş işlər nəticəsində hazırda əhalinin 80 faizi internet, 73 faizi isə genişzolaqlı internet istifadəçisidir. Bununla yanaşı, qeyd edək ki, statistikaya nəzər saldıqda, ölkədə internet sürətinin orta göstəricisinin əvvəlki illərə nisbətən artdığı müşahidə olunur. Nəzərə alınmalıdır ki, təşkilat tərəfindən araşdırma aparılan ölkələrin sayı da ildən-ilə artır”.
Bildirilib ki, Bakı şəhərində mənzillərə yüksək sürətli internet xidməti verilməsinə də şərait yaradılıb:
“Bu gün paytaxtda mənzillərə yüksək sürətli internet xidməti verilməsinə imkan yaradan (GPON) texnologiyanın tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işlər həyata keçirilir. Bu texnologiya vasitəsilə istifadəçilər mənzilədək çəkilmiş fiber-optik xətlə həm telefon, həm internet, həm də televiziya xidmətlərini əldə edə bilirlər. Vətəndaşlara simsiz yüksək sürətli internet xidməti verilməsini təmin edən LTE texnologiyası vasitəsilə də müasir telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müvafiq layihənin icrası davam etdirilir.
Eyni zamanda, regionlarda genişzolaqlı internet xidmətlərinin göstərilməsini genişləndirmək üçün ATS-lərdə genişzolaqlı internet avadanlıqlarının və telefon şəbəkəsinin montaj tutumları tələbata uyğun olaraq artırılır”.
Nazirlik bildirir ki, regionların telefon şəbəkəsi üzrə DWDM/MPLS şəbəkəsinin qurulması üçün layihə hazırlanıb, podratçı şirkətlə müqavilə bağlanıb və yaxın dövrdə şəbəkənin qurulması nəzərdə tutulur:
“Layihənin əsas əhəmiyyəti yüksəksürətli transmissiya şəbəkəsinin qurulması, şəbəkənin dayanıqlılığın təmin edilməsi, şəbəkənin tutumunun 100 Gbit/s-yə çatdırılması və bütün qovşaqlar üzrə yüksəksürətli internetin təmin olunmasıdır”.
Xatırladaq ki, “Cable.co.uk” təşkilatının təqdim etdiyi statistikaya görə, 12 ay ərzində 208 ölkə arasında (2019-cu ilin mayınadək) aparılan milyonlarla test nəticəsi əsasında toplanan materiallar nəticəsində Azərbaycanın son iki ildə 33 pillə gerilədiyi qeyd edilib. Bu gün ölkədə internet sürətinin dünya üzrə orta göstəricidən 3,5 dəfə aşağı olduğu vurğulanıb.
Hazırda cədvələ görə, Azərbaycan 208 ölkə arasında 142-ci pillədədir. Bu göstərici 2018-ci ildə 135, 2017-ci ildə isə 102 olub. Bu da o deməkdir ki, Azərbaycan internet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə isə 33 pillə geriləyib.
©Oxu.az