Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üzrə İş planına uyğun olaraq “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) vəsaitlərinin formalaşması və istifadəsinin auditi aparılıb.
Palatadan verilən məlumata görə, ASC-nin fəaliyyət göstərən və ya yeni təsis edilən kommersiya təşkilatlarının nizamnamə kapitalına (səhmlər və paylara) investisiya qoyuluşunun kommersiya səmərəliliyi, investisiya obyektləri seçilərkən fəaliyyət sahəsində xidmətlərinin rəqabətə davamlı olması, fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun olması kimi meyarlara tam riayət edilməyib. Səhmləri və payları olan investisiya obyektləri və layihələri üzrə əvvəlki illərdə zərərlə fəaliyyət göstərməsi səbəblərinin araşdırılması ilə onların aradan qaldırılması istiqamətində tədbirlər müəyyənləşdirilməmiş, auditlə əhatə edilən 2016-2019-cu illərdə zərərlə işləyən, investisiya obyektində iştirak müddətinin aşağı həddi başa çatmış payları üzrə ASC-nin iştirakına xitam verilməsinin məqsədəuyğunluğunun, həmin payların bazar qiymətləndirilməsi aparılmaqla satışının həyata keçirilməsi imkanlarının reallaşdırılması istiqamətində əməli işlər (tədbirlər) görülməyib.
Seçmə qaydada sənaye məhəllələrinin yaradılması üzrə inşaat işlərinə dair sənədlərin əsaslı surətdə öyrənilməsi ilə tikinti işlərinə dair 758,1 min manat məbləğində bir sıra kənarlaşma və fərqlər müəyyən edilib.
AİŞ tərəfindən aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirməklə sənaye məhəllələrinə səmərəli fəaliyyət göstərə biləcək rezidentlərin, həyata keçirilən layihələrə özəl investisiya qoyuluşlarının cəlb edilməsi, istehsalat sahələrinin tam gücləri ilə fəaliyyətin göstərməsinin təmin edilməsi tədbirlərinin həyata keçirilməsi davam etsə də, rezidentlərin layihələri üzrə yaradılmış iş yerlərinə faktiki işçilər tam cəlb olunmamış, auditlə əhatə olunan dövrdə şirkətin sənaye məhəllələrinin idarə edilməsi və fəaliyyətinin təmin edilməsi üzrə xərcləri əməliyyat gəlirlərini üstələmiş, büdcə zərəri ümumilikdə 298,5 min manat təşkil edib. “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq sənaye məhəllələrinin idarə edilməsindən əldə edilən gəlirlərinin digər mənbələrlə yanaşı mühafizə xidmətlərindən əldə edilən gəlirlər hesabına da formalaşması müəyyən olunsa da, sənaye məhəllələrində rezidentlərin istifadəsində və mülkiyyətində olan əmlaklarının mühafizəsi üzrə ASC ilə iştirakçılar (rezidentlər) arasında müvafiq xidmət müqavilələri bağlanmamış, 2016-2019-cu illərdə 99,6 min manat məbləğində mühafizə xərcləri əvəzsiz qaydada Səhmdar Cəmiyyətin xərcləri hesabına həyata keçirilmiş, ASC ilə sənaye məhəllələrinin iştirakçıları (rezidentlər) arasında bağlanmış müvafiq müqavilələrə əsasən rezidentlərinin öhdəlikləri (enerji, su, qaz, tikililər üzrə icarə haqqları) üzrə ödənişlər vaxtında həyata keçirilmədiyindən auditlə əhatə edilən dövrün sonuna (2019-cu il 31 dekabr tarixinə) 97,5 min manat məbləğində debitor borcu yaranmış, sənaye məhəllələrinin rezidentləri tərəfindən 31 dekabr 2019-cu il tarixə tikili və torpaq sahələri üzrə 75,1 min manat məbləğində icarə haqlarının dövlət büdcəsinə ödənilməsi təmin edilməmişdir. Dövlət orqanlarına sənaye məhəllələrinin yaradılması, fəaliyyətinin təşkili və inkişafı üzrə hesabat və məlumatların vaxtında və tam təqdim edilməsi, onlarda əks olunan məlumat və göstəricilərin iştirakçılar (rezidentlər) tərəfindən təqdim edilmiş layihələrin, rezidentlərlə bağlanmış müqavilələrin real (dürüst) icra vəziyyətinin qiymətləndirilməsinə uyğun olması təmin olunmayıb.
ASC əsas (investisiya) fəaliyyəti ilə yanaşı 2016-2019-cu illərdə davamlı olaraq sərbəst vəsaitlərinin idarə və istifadə olunması istiqamətində fəaliyyət göstərmiş, lakin bu zaman investisiya fəaliyyətinin, həmin fəaliyyət üzrə tələb olunacaq vəsait məbləğlərinin planlaşdırılması ilə müvəqqəti olaraq sərbəst vəsaitlərinin məbləğlər və müddətlər üzrə depozitlərə yerləşdirilməsi bazar konyunkturasına uyğun olaraq optimal səviyyədə əlaqələndirilməmişdir. Belə ki, ASC-nin 2016-2019-cu illərdə banklardakı müddətli depozitlərinin faiz dərəcələri ümumilikdə ölkənin maliyyə bazarında manat depozitləri üzrə orta faiz dərəcələrindən daha aşağı olmuş, depozit müqavilələrinin vaxtının uzadılması və ya depozit müddəti bitən kimi yenidən həmin məbləğlərə bağlanması nəticəsində “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin müvəqqəti olaraq sərbəst olan vəsaitlərinin idarə və istifadə olunması Qaydaları”nın tələblərinə riayət olunmayaraq ASC-nin böyük məbləğdə vəsaitləri uzun (1 ildən çox) müddətlərdə aşağı faizlərlə kommersiya banklarında (bu zaman 5 000,0 min manat vəsait 3 ildən çox müddətdə “Atabank” ASC-də) depozitdə qalmış, bununla gəlirlərinin optimallaşdırılması və sərbəst pul vəsaitlərindən mütəmadi olaraq əlavə gəlir götürmək imkanlarından tam istifadə edilməmiş, 2015-ci ildə “TexnikaBank” ASC-də yerləşdirilmiş 6 000,0 min manat məbləğində 3 aylıq depozitlər və 95 min manat məbləğində hesablanmış faizlər, habelə “Atabank” ASC-yə 2018-ci ildə 1 (bir) illik yerləşdirilmiş və müddəti başa çatmış 450 min manat məbləğində depozit 01.01.2020-ci ilədək ASC-yə ödənilməyib.
Auditlə müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit aparılan müddətdə sənaye məhəllələrinin iştirakçılarının (rezidentlərinin) icarə və xidmət haqları üzrə ASC-yə yaranmış öhdəliklərindən (debitor borclarından) 9 557,05 manat, tikililər (istehsalat sahələri) və torpaq sahələrindən istifadə müqavilələri üzrə dövlət büdcəsinə icarə haqqı borclarından 30 232,45 manat məbləğində vəsaitin ödənilməsi, dövlət mülkiyyətində olan tikililərdən (istehsalat sahələrindən) istifadəyə görə icarə haqqı üzrə sənaye məhəllələrinin iştirakçıları (rezidentləri) tərəfindən 31 mart 2020-ci il tarixədək 63 818,89 manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. ASC tərəfindən Kollegiya qərarının icrası ilə əlaqədar olaraq həyata keçirilən tədbirlərlə bağlı təqdim olunmuş məlumatda yaranmış öhdəliklər üzrə 49 322,11 manat məbləğində debitor borcların ASC-yə ödənilməsinin təmin olunduğu, dövlət büdcəsinə ödənilməli olan icarə haqları üzrə 75 967,05 manat məbləğində icarə haqqı borclarının ödənildiyi, hesablanmış dəbbə pullarının uçota alındığı, sənaye məhəllələrinin tikintisi üzrə yaranmış fərq məbləğindən 50 000 manatın geri ödənildiyi və bu istiqamətdə, həmçinin kollegiya qərarının icrasının tam təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin davam etdirilməsi bildirilib.