Məlum olduğu kimi, bu gün Prezident Azərbaycan İpoteka Fondu ASC-nin yaradılması ilə bağlı fərman imzalayıb. Value&Sources şirkətinin rəhbəri Rəşad Əliyev qeyd olunan məsələ ilə bağlı fikirləri ilə sosial şəbəkədə paylaşmışdır. Onun fikrincə: Əvvəlki qurumdan fərqli olaraq fond hər-hansısa qurumun struktur vahidi kimi yox, məhz müstəqil hüquqi şəxs (ASC kimi) kimi fəaliyyət göstərəcək.
İlk dəfə olaraq ipoteka ilə alınan mənzillərin 1 kv.m. qiymətinə məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, alınacaq yaşayış sahəsinin 1 kv.m. qiyməti ipoteka kreditinin verilmə tarixinə həmin satış ərazisində (zona üzrə) 1 kv.m.-in orta bazar qiymətindən artıq olmamalıdır. Orta qiymət zonalar üzrə müəyyən ediləcək və onun müəyyən edilməsi qaydasını Nazirlər Kabineti 1 ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq edəcək. Bazar dəyərinin dəyişkənliyini nəzərə alanda belə başa düşmək olar ki, müəyyən edilmiş göstəricilər dövrü olaraq yeniləcək. Dəyər məhdudiyyəti ancaq ekonom sinfinə aid və orta yerləşmə şəraiti olan mənzillərin alışına şərait yaradacaq. Çünki yüksək sinifə və yaxşı yerləşməsi olan mənzillər 1 kv.m.-in qiyməti orta bazar qiymətindən yüksək olur. Burda müsbət cəhət odur ki, bu sui-istifadə hallarını azaldacaq. Bununla yanaşı güzəştli şərtlərlə dəbdəbəli mənzil alışının qarşısını alınacaq.
Bununla yanaşı kredit təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilə bilər.
Maraqlı olan digər maddədi. Belə ki, fərmanın 4.2. maddəsində göstərilir ki, Nazirlər Kabineti çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Burdan belə başa düşmək olar ki, ipoteka kreditləri tikintisi başa çatmış mənzillərə veriləcək (əvvəl guman edildiyi kimi eyni zamanda yarımçıq tikililərə yox). Buna görədə NK-nə tapşırılır ki, tikintiyə icazələrin və binaların istismara qəbul edilməsi prosedurlarını sadələşdirsin. Yarımçıq tikililərə ipoteka kreditlərinin verilməsi imkanları uzaq gələcək uçun saxlanılır.
İpoteka istiqrazlarının emissiyası üçün tələb olunan maliyyə təminatının həcmi “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1105-IVQ nömrəli Qanununda təsbit edilmiş daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınacaq.