“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar 2015-ci il noyabrın 1-dən etibarən 2 il müddətinə dayandırılıb. Qanunun tətbiqindən sonra 5 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 44 yoxlama, o cümlədən 2016-ci ilin I rübündə sahibkarlıq subyektlərində cəmi 34 yoxlama keçirilib. Müqayisə üçün bildirim ki, ötən ilin I rübündə 19 381 yoxlama keçirilib”.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Azərbaycanda “Sahibkarlar günü”nün təsis edilməsinə həsr olunmuş konfransda deyib.
Nazir bildirib ki, aparılan islahatlar çərçivəsində son illər sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib: “Səmərəli fəaliyyət göstərən dövlət dəstəyi sistemi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, sənaye parklarının və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların və sərgilərin təşkili və digər tədbirlər sayəsində ÜDM-də özəl bölmənin payı 80%-i, məşğulluqda isə 74%-i ötüb, iqtisadiyyatın şaxələndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi kimi strateji məsələlərdə bu sektor həlledici rola malik olub. Son 10 ildə Azərbaycanda sahibkarlıq subyektlərinin ümumi sayı təxminən 4 dəfə artaraq 700 minə yaxınlaşıb”.
Ş.Mustafayevin sözlərinə görə, “Lisenziyalar və icazələr haqqında” qanuna əsasən, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 330-dan 87-ə endirilib: “Qanunun qəbul olunması lisenziya və icazə tələb olunan fəaliyyət növlərinin, lisenziya və icazə şərtlərinin dəqiq müəyyən edilməsinə, lisenziya və icazələrin verilməsi sahəsində şəffaflığın daha da artırılmasına, onların alınması ilə bağlı sahibkarların sərf etdikləri xərclərin və vaxtın əhəmiyyətli dərəcədə azalmasına və ümumilikdə ölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Hazırda “Lisenziyalar və icazələr” portalının yaradılması üçün zəruri işlər davam etdirilir. Portalın fəaliyyətə başlaması nəticəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin verilməsi tamamilə elektron qaydada həyata keçiriləcək, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsi təmin ediləcək”.
Nazir əlavə edib ki, aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. Aprelin 20-də Prezidentin müvafiq fərmanları ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və layihənin həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq edilib. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda nəzərdə tutulmuş güzəştləri əldə etməyə əsas verir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50%-nin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilib. Bu islahat tədbiri qeyri-neft sektoruna investisiyaların artırılmasına, yeni iş yerlərinin açılmasına əlverişli zəmin yaratmaqla bərabər, sahibkarlığın da inkişafına əhəmiyyətli töhfə verəcək.
Eyni zamanda, ixracın təşviqi, o cümlədən geri ödəmə dəstəyinin verilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi və ixrac yönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi istiqamətində iş aparılır. Yerli məhsulların yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün Aktauda (Qazaxıstan) logistika mərkəzi artıq sahibkarların istifadəsinə verilib, növbəti mərkəzin isə Yekaterinburqda (Rusiya) inşası nəzərdə tutulur.
Report