10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Koreya Bankından 500 mln. avro vəsait cəlb etdi

SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın “İxrac-İdxal Bankı”ndan vəsait cəlb edib.

Koreyanın “İxrac-İdxal Bankı” zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırıb.

“Maliyyə dəstəyi iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişafına kömək edir və Azərbaycanda yeni irimiqyaslı layihələrin həyata keçirilməsi üçün zəmin yaradır”, – deyə bankın məlumatında bildirilir.

Qeyd edək ki, Sumqayıtdakı Azot gübrəsi-karbamid istehsalı zavodunun layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.

Zavodun layihələndirmə işləri 100 faiz, tikinti işləri təxminən 58 faiz olmaqla, ümumilikdə işlərin təxminən 88 faizi tamamlanıb. Zavodun tikintisinin qrafikə uyğun olaraq, 2017-ci ilin sonunda başa çatdırılacağı və 2018-ci ilin əvvəllərində istismara veriləcəyi nəzərdə tutulur.

Layihənin dəyəri 700-750 milyon avro məbləğində qiymətləndirilir. Zavodun fəaliyyətə başlaması ilə Azərbaycanda 2 min yeni iş yerinin açılması planlaşdırılır. Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir.

Azərtac

Son xəbərlər
Digər xəbərlər