Azərbaycan Mərkəzi Bankı investisiya şirkətləri üçün yeni kapital tələblərini təsdiqləyib

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya şirkətləri üçün yeni kapital tələblərinin tətbiqini nəzərdə tutur. Banker.az-ın məlumatına görə, bu sahədə qayda artıq təsdiqlənib. Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov təsdiqləyib.

Qərara uyğun olaraq, “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda” qəbul edilib və sənəd rəsmi dərc olunduğu tarixdən etibarən 6 ay sonra qüvvəyə minəcək.

Yeni qayda investisiya şirkətlərinin məcmu kapitalının strukturu, onun tərkib hissələri, leverec əmsalı, likvidlik normaları, eləcə də kapitalın hesablanma prinsiplərini müəyyən edir. Tələblərə əsasən, şirkətlər üzləşdikləri risklərə adekvat səviyyədə kapital saxlamalıdırlar.

Sənədə görə, məcmu kapital I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitaldan ibarət olacaq və əsas kapitalın ümumi kapitaldakı payı minimum 50% təşkil etməlidir. Bununla yanaşı, investisiya şirkətləri yalnız minimum nizamnamə kapitalını deyil, həm də risklər əsasında hesablanan kapital tələblərini yerinə yetirməlidirlər.

Qayda çərçivəsində kredit, bazar, əməliyyat, valyuta, hesablaşma və konsentrasiya riskləri üzrə kapitalın hesablanma mexanizmləri də müəyyənləşdirilib. Eyni zamanda, kapital göstəriciləri normativ səviyyədən aşağı düşərsə, şirkətlər bu barədə dərhal Mərkəzi Banka məlumat verməlidirlər.

Sənəd həmçinin likvidlik və leverec üzrə tələbləri də əhatə edir. Belə ki, leverec əmsalının minimum həddi 3% olaraq müəyyən edilib və şirkətlərin kifayət qədər likvid aktivlərə sahib olması tələb olunur.

Son xəbərlər
Digər xəbərlər