10 C
Baku
Thursday, February 26, 2026

Azərbaycan manat ticarət tərəfdaşlarının valyutalarına qarşı güclənib

Azərbaycan manatı ticarət tərəfdaşları qarşısında nisbi olaraq bir qədər güclənib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, real effektiv məzənnəsi 2026-cı ilin yanvarında 116.7 bənd olmaqla son səkkiz ayın maksimumuna yüksəlib.

Bu, dekabrda 115.8 bənd idi.

Sonuncu dəfə bu səviyyədə REM isə 2025-ci ilin mayında qeydə alınıb. Qeyri-Neft sektoru üzrə REM isə 112.1 bənddən 112.3 bəndə yüksəlib.

REM nominal effektiv məzənnənin inflyasiya (qiymət səviyyəsi) fərqlərinə görə düzəliş edilmiş formasıdır. İqtisadçılar üçün ən vacib göstərici budur, çünki o, ölkənin real rəqabət gücünü əks etdirir.

Ölçüdə inflyasiya və ya alıcılıq qabiliyyəti nəzərə alınmayan nominal effektiv məzənnə (NEM) isə 102.5 bənddən 102.4 bəndə düşüb.

Dollar/manat cütlüyü sabit 1.7 məzənnəsində qaldığından çox vaxt manat REM-i ABŞ dollarının altı əsas valyuta səbəti qarşısında ölçülən DXY indeksi ilə korrelyasiya təşkil edir. Bununla belə, ABŞ dollarının indeksi may ayındakı 99.97 bənd səviyyəsindən cari ilin yanvarında 97.74 bəndə düşüb.

Azərbaycan Mərkəzi Bankı son faiz iclasında bildirdi ki, qlobal qeyri-müəyyənlik fonunda əsas risk idxal qiymətlərinin artaraq daxili inflyasiyanı yüksəltməsidir. Bu isə ticarət tərəfdaşlarında inflyasiyanın səviyyəsindən, qlobal əmtəə qiymətlərindən və nominal effektiv məzənnənin dəyişkənliyindən asılı olacaq.

4309 scaled

Son xəbərlər
Digər xəbərlər