Azərbaycan 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesində istehsal zəncirini genişləndirməyi, filiz hasilatından yüksək əlavə dəyərli metal məhsullarının istehsalına keçidi sürətləndirməyi planlaşdırır.
Prezidentin 2026-cı il 23 sentyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində əsas hədəflərdən biri sektorun illik ixrac potensialını 2025-ci ilin orta dünya qiymətləri əsasında təxminən 2 milyard ABŞ dollarına çatdırmaqdır. Təqribən bu 2025-ci ildəki ixracla müqayisədə 5.5 dəfə çoxdur.
Dövlət Proqramında məqsəd mineral-xammal bazasının genişləndirilməsi, hasilat və emal güclərinin artırılması, yüksək əlavə dəyər yaradan məhsulların istehsalının qurulması, qeyri-neft sənayesinin rəqabət qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsidir. Sənəddə filizdən son məhsuladək vahid dəyər zəncirinin formalaşdırılması sənayeləşmənin əsas istiqamətlərindən biri kimi göstərilir.
Proqramın icrası nəticəsində metallurgiya sektorunda yaradılan əlavə dəyərin iki dəfədən çox artırılması nəzərdə tutulur. Bunun üçün Daşkəsən dəmir filizi layihəsi, “Azəralüminium”un genişləndirilməsi, “Baku Steel Company”nin yeni istehsal imkanları, Söyüdlü (Zod) qızıl yatağı və digər layihələr əsas istiqamətlər kimi müəyyən edilib.
Azərbaycanın əsas layihələrindən biri Daşkəsən dəmir filizi yataqları əsasında inteqrə olunmuş qara metallurgiya zəncirinin yaradılmasıdır. Dövlət Proqramına əsasən, burada filiz hasilatı, zənginləşdirmə zavodu, pellet istehsalı müəssisəsi və İsti Briketlənmiş Dəmir (İBD) zavodunun yaradılması planlaşdırılır. Həmçinin dəmir filizi konsentratının daşınması üçün təxminən 45 km uzunluğunda boru kəmərinin tikintisi nəzərdə tutulur.
Layihənin nəticəsində illik 2 milyon ton İBD istehsal gücünün yaradılması hədəflənir. İstehsal olunacaq İBD-nin bir hissəsinin ölkədaxili metallurgiya müəssisələrində istifadəsi ilə idxaldan asılılığın azaldılması planlaşdırılır.
Dövlət Proqramında “Baku Steel Company” QSC tərəfindən polad məhsullarının istehsalı üzrə yeni yayma zavodunun yaradılması və tikişsiz boru istehsalı sahəsində yeni güclərin formalaşdırılması da nəzərdə tutulur.
Alüminium sənayesi üzrə əsas hədəflərdən biri “Azəralüminium” MMC-nin Gəncə şəhərində yerləşən elektroliz zavodunun illik istehsal gücünün 100 min tona çatdırılmasıdır. Bundan əlavə, alüminium yayma məhsullarının illik istehsal gücünün 50 min tona çatdırılması, profil, naqil, kabel, folqa, lövhə və digər yüksək əlavə dəyərli məhsulların istehsalının genişləndirilməsi planlaşdırılır.
Sənəddə özəl sektor tərəfindən illik təxminən 200 min ton ilkin alüminium istehsal edə biləcək yeni müəssisənin yaradılması imkanlarının araşdırılması da nəzərdə tutulur.
Mineral bazasının genişləndirilməsi üçün geoloji kəşfiyyat işlərinin əhatə dairəsinin 2030-cu ilədək 15 min kvadrat kilometrə çatdırılması planlaşdırılır. Eyni zamanda yeni yataqların aşkar edilməsi, mövcud ehtiyatların dəqiqləşdirilməsi və onların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi nəzərdə tutulur.
Prioritet yataqlar sırasında Balakəndə yerləşən Filizçay polimetal yatağı və Kəlbəcərdəki Söyüdlü (Zod) qızıl yatağı göstərilir. Söyüdlü yatağı üzrə hasilat və emal prosesinin qurulması, flotasiya zavodunun yaradılması və zənginləşdirilmiş filiz istehsalına başlanılması planlaşdırılır.
Proqram çərçivəsində strateji əhəmiyyətli mineralların, o cümlədən nadir torpaq elementlərinin emalı imkanları da araşdırılacaq. Sənəddə Azərbaycanın bu sahədə regional emal mərkəzinə çevrilməsi perspektivlərinin qiymətləndirilməsi nəzərdə tutulur. Bundan əlavə, yerli və idxal xammal əsasında mis emalı üzrə metaləritmə müəssisələrinin yaradılması imkanları araşdırılacaq.
Dövlət Proqramına əsasən, Azərbaycanda metal istehsalında son illərdə artım müşahidə olunub. 2015–2025-ci illərdə qızıl istehsalı 33% artaraq 2 965 kq-a, gümüş istehsalı 27,5 dəfə artaraq 3 646 kq-a, mis konsentratı istehsalı isə 8,1 dəfə artaraq 7,8 min tona çatıb. Eyni dövrdə qızıl ixracı 3,9 dəfə artaraq 326,2 milyon ABŞ dollarına, mis ixracı isə 3,8 dəfə artaraq 37,8 milyon ABŞ dollarına yüksəlib.
Sənəddə qeyd edilir ki, hazırda əsas çağırışlardan biri metal filizlərinin tam emal zəncirinə inteqrasiyasının məhdud olmasıdır. Azərbaycan yüksək əlavə dəyərli məhsulların istehsalını artırmaq, rəqəmsal texnologiyaları tətbiq etmək və beynəlxalq ekoloji standartlara uyğunlaşmaq niyyətindədir.
Bununla yanaşı, geoloji məlumatların beynəlxalq standartlara uyğunlaşdırılması, rəqəmsal geoloji informasiya bazasının yaradılması və dağ-mədən sektorunda beynəlxalq standartlara uyğun laboratoriyanın fəaliyyətə başlaması da proqramın əsas tədbirləri sırasındadır.







