Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında, gündəlik neft hasilatının noyabrda 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.