Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna mart ayında yığılan vəsaitin həcmi açıqlanıb. Müdafiə Nazirliyinin məlumatına görə, 1 aprel 2016-cı ilədək 71 milyon 529 min 243 manat, 211 min 791 ABŞ dolları və 2 min 693 avro vəsait toplanıb.
Martın 1-dək bu vəsait 70 milyon 854 min 827 manat, 211 min 791 ABŞ dolları və 2 min 93 avro vəsait yığılıb. Son bir ay ərzində fonda əlavə 674 min 416 AZN və 600 avro vəsait daxil olub.
Silahlı Qüvvələrə Yardım Fonduna 1 fevraladək yığılan vəsait:
70 074862,27 AZN,
211 791,88 dollar,
2093,69 avro,
1 martadək yığılan vəsait
70 854.827,62 AZN
211 791,88 dollar
2093,69 avro
Ötən il isə fonda ümumilikdə 60 milyon 603 min 102 manat, 211 min 791 dollar və 593 avro vəsait yığılmışdı.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
ANS-Press