“Qiymətlər çox ucuzdur”.
Bir neçə aydan sonra Azərbaycanın ən populyar planşeti yerli məhsul olacaq, “iPad”lar və “Galaxy”lərin indiki populyarlığı bir qədər arxa plana keçəcək.
Buna Mingəçevir elektron avadanlıqları istehsalı müəssisəsinin hazırda Tayvan şirkətləri ilə gerçəkləşdirmək istədiyi layihə imkan yaradacaq.
Bu barədə ANS PRESS-ə müəssisənin baş direktoru Rizvan Osmanov bildirib.
“Biz hazırda bazarı öyrənərək noutbuk, yoxsa planşet istehsalının daha rentabelli olmasını öyrənirik”.
Onun sözlərinə görə, zavodun məhsulları artıq 10 ilə yaxındır ki, Azərbaycan ailələrinə xidmət edir:
“Bu, onun məhsullarının satışında problem olmayacağını ehtimal etməyə imkan verir”.
Rizvan Osmanovun sözlərinə görə, layihədə böyük ehtimalla planşet istehsalına üstünlük veriləcək:
“Çünki müəssisəmiz noutbuklarla müqayisədə iki dəfə çox planşet istehsal edə bilər. Termiki sınaq kamerasında sutka ərzində iki dəfə çox planşet yoxlamaq mümkündür, yəni ildə 10 minə yaxın planşet istehsal etmək mümkün olacaq”,- deyə baş direktor vurğulayıb.
“Qiymətlər əlverişli olacaq ki, bu da Azərbaycan istehlakçısının, xüsusilə məktəblilərin ucuz qiymətə keyfiyyətli kompüter almasına şərait yaradacaq. Belə ucuz və keyfiyyətli kompüterlərin geniş yayılması ölkədə elektron hökumətin tətbiqini də sürətləndirəcək”- deyə o vurğulayıb.
Oxu.az