10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan prezidenti: Ermənistan silahlı qüvvələri Qarabağda hərbi əməliyyatlar zamanı təxminən 5 min nəfər canlı qüvvə itirib

Azərbaycanda olan məlumata əsasən, sentyabrın 27-dən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Ermənistanın canlı qüvvədə itkiləri təxminən 5 min nəfər təşkil edir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Deyə bilərəm ki, bizim ehtimallara əsasən, Ermənistanın hansı itkiləri ola bilər. Baxın, hətta sırf hesab nöqteyi-nəzərindən: dünənə qədər (oktyabrın 27-də – İF) 256 tank məhv edilib və bu rəqəm hər gün artır. Bunu 3-4 nəfərə vurun, artıq min nəfərə yaxın olur. Sonra, 50-dən artıq piyada döyüş maşını, neçə nəfərdir; yüzlərlə artilleriya qurğusu – hər birinin yanında bir neçə nəfər; 6 ədəd S-300 qurğusu, 40-a yaxın “OSA” zenit-raket kompleksi, “TOR”, “KUB”, “KRUQ” qurğuları; 400-dən artıq yük maşını, onların əksəriyyəti həm hərbi qulluqçular, həm də döyüş sursatları ilə birgə məhv edilib. Səngərlərdə neçə nəfər məhv edilib, biz həmin səngərlərdən keçmişik, təmas xəttində – internetdə bu kadrlar var. Yəni, bizdə olan məlumata görə, Ermənistan tərəfinin yalnız canlı qüvvədə itkiləri 5 min nəfər və daha artıq ola bilər, bir qayda olaraq, yaralıların sayı 2-3 dəfə artıq olur”, – Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə müsahibəsində bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin itkilərinə toxunan dövlət başçısı qeyd edib ki, bütün amilləri nəzərə alaraq, itkilərimiz minimaldır.

“Bizim itkilərə gəlincə isə, mən demişəm ki, biz hərbi əməliyyatlar başa çatdıqdan sonra onları elan edəcəyik. Lakin, deməliyəm ki, onların sayı xeyli-xeyli azdır (Ermənistan tərəfinin itkiləri ilə müqayisədə – İF)”,- Əliyev deyib.

“Hərbi qarşıdurmaların xarakteri, mürəkkəb relyef, ermənilərin 30 il ərzində inşa etdikləri istehkamları nəzərə alaraq, hesab edirəm ki, hər bir insanın həyatı çox dəyərlidir, lakin bütün bu amilləri nəzərə alaraq, bizim itkilərimiz minimaldır”, – dövlət başçısı əlavə edib.

Son xəbərlər
Digər xəbərlər