-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan qeyri-dövlət maliyyə nəzarətini yüksəltmək üçün İsrailin təcrübəsindən istifadə edəcək

Azərbaycan iqtisadiyyatında şəffaflığı artırmaq, qeyri-dövlət maliyyə nəzarətinin səviyyəsini yüksəltmək, rəqəmsallaşmanı geniş tətbiq etmək üçün İsrailin müsbət təcrübəsindən istifadə edilməsi planlaşdırılır.

Bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov palata ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbirdə deyib.

“Bu sahədə İsrailin böyük nailiyyətlərindən bizim xəbərimiz var. Eyni zamanda İsrailli həmkarlarımız da auditin innovativ inkişafı, kölgə iqtisadiyyatına qarşı mübarizə və auditdə rəqəmsallaşmanın tətbiqi sahəsində bizim əldə etdiyimiz nəticələrdən bəhrələnə biləcəklər”, – deyə o bildirib.

“Auditorlar Palatası müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, bir sıra xarici ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq sazişləri imzalayıb.

Bu sazişlərin reallaşması ölkədə auditin inkişafı sahəsində xarici tərəfdaşlarla birgə tədbirlər həyata keçirmək və təcrübə mübadiləsi aparmaq üçün önəmli əhəmiyyət kəsb edir və bu ənənə bu gün də uğurla davam etdirilir.

Yeni saziş hər iki ölkənin auditorları və mühasibləri üçün uğurlu əməkdaşlığa, birgə fəaliyyətə və bütövlükdə audit peşəsinin inkişafına mühüm töhfə verəcəkdir”, – V. Novruzov bildirib.

O hesab edir ki, ICPAI ilə əməkdaşlıq iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində və hesabatlılığın yüksək səviyyədə qurulmasında, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, dövlət və qeyri-dövlət nəzarətinin, o cümlədən müstəqil auditin rolunun getdikcə artırılmasına, bu sahədə mövcud olan problemlərin və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə geniş imkanlar yaradacaqdır.

Xatırladaq ki, İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu peşəkar milli qurum olaraq İsrailin bütün ərazisində mühasibatlıq və audit peşələrinin inkişafında həlledici rol oynayır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər