10 C
Baku
Wednesday, December 11, 2024

“Azərbaycan regionda azsulu ölkələr sırasındadır”

“Su ehtiyatlarının idarə edilməsi hər bir ölkə üçün vacib məsələdir”.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan regionda azsulu ölkələr sırasındadır: “Su ehtiyatlarımızın 70 faizi transsərhəd çaylar vasitəsilə digər ölkələrdən keçərək Azərbaycana daxil olur. Təəssüf ki, bu çaylar digər ölkələrdə ciddi çirklənməyə məruz qalır. Ona görə də su ehtiyatlarının çirklənmə dərəcəsinə, keyfiyyətinə nəzarət edilməsi ölkəmiz üçün vacib məsələdir. Dövlətimiz su ehtiyatlarının analizi və keyfiyyətinə nəzarət məsələsinə çox ciddi diqqət yetirir”.

N.Quliyev qeyd edib ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində laboratoriyalar fəaliyyət göstərir və onların müasir tələblərə cavab verən yeni texnologiyalarla təchiz edilməsi günümüzün ən aktual məsələlərindəndir.

“Azərbaycanda milli su siyasəti və su ehtiyatlarının inteqrasiyalı idarəçiliyi” konsepsiyasının tərkib hissəsi olaraq ən müasir cihaz və avadanlıqlarla təchiz edilən laboratoriyanın yenidən qurulmasında və potensialının genişləndirilməsində məqsəd ən müasir su analizlərini aparmaq, Azərbaycanda su hövzələrinin və digər su ehtiyatlarının çirklənmə səviyyəsini, o cümlədən istifadəyə yararlılıq həddini daha dəqiqliyi ilə müəyyənləşdirməkdir. Həmçinin Xəzərə axıdılan transsərhəd çayların suyunun keyfiyyətinə nəzarəti gücləndirməklə dənizin çirkləndirilməsinin qarşısını almaq, sahil və keçid sularının monitorinqinin keyfiyyət səviyyəsinin yüksəlməsini təmin etməkdir”.

Son xəbərlər
Digər xəbərlər