1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan səfiri etimadnaməsini Qvatemala Prezidentinə təqdim edib

Azərbaycanın Qvatemaladakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin Prezidenti Alexandro Ciammateiyə təqdim edib.

Görüşdə Azərbaycanla Qvatemala arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davamlı təmaslar, səmərəli dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcudluğu, bu xüsusda cari il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyası zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə qvatemalalı həmkarı Pedro Brolo Vila arasında baş tutmuş görüşdə ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məsələsinin müzakirə olunduğu qeyd edilib.

Bununla yanaşı, iki ölkə arasında parlamentlərarası, humanitar, mədəniyyət, təhsil, habelə iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşu üzrə önəmli potensialın olduğu bildirilib, qvatemalalı şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərində iştirakı imkanlarının nəzərdən keçirilə biləcəyi söylənilib.

Görüşün sonunda ölkəmizə sülh və əmin-amanlıq arzu edən Prezident A.Ciammatei M.Talıbovu Qvatemalada səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər
Digər xəbərlər