-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan şirkətləri onlayn ticarət yolu ilə mal sata bilmir

Azərbaycan şirkətləri dünyanın məşhur elektron ticarət saytlarından daha çox mal almaq üzrə ixtisaslaşıblar. ANS PRESS-in araşdırmasına görə, bu saytların meydançasına satış üçün mal çıxaran Azərbaycan şirkətlərinin sayı çox azdır.

“Alibaba”da “Azərbaycan şirniyyatı” adı altında aparılan axtarışa isə Azərbaycandan cəmi iki təklif çıxır.

Bunu dünyada çox məşhur olan “Alibaba” elektron ticarət saytındakı təkliflərdən də rahat görmək olur. Məsələn, portalda yerləşdirilən şirniyyat təklifləri arasında Azərbaycan Respublikasından bir dənə də olsun istehsalçı şirkətin adına rast gəlmək olmur.  Amma Azərbaycanda da populyar olan Ukrayna şirkətləri “Alibaba”da  2 mindən artıq şirniyyat təklifi yerləşdiriblər.

“Alibaba”da “Azərbaycan şirniyyatı” adı altında aparılan axtarışa isə Azərbaycandan cəmi iki təklif çıxır və onlar da narşərabla bağlıdır, yəni Azərbaycana aid şirniyyat növlərindən yetərincə uzaq təkliflərdir. Halbuki İranın Azərbaycan bölgəsindən isə 11 adda təklif ortaya çıxır. Cənubi Azərbaycanın hətta kiçik Sərab şəhərindən yerləşən  istehsalçı şirkət də “Alibaba”da  öz məhsulunu təklif edir. Liderlik isə təbii ki, Cənubi Azərbaycanın mərkəzi Təbrizin payına düşür və həmin təkliflər həqiqi olaraq azərbaycanlılara məxsus şirniyyat məhsulları və çərəzlərlə bağlıdır.  Ən maraqlısı da odur ki, Hindistanda fəaliyyət göstərən şirkətlər portala Azərbaycan şirniyyatı üzrə 106 təklif yerləşdiriblər.

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətlər əsasən nar məhsulları təklif edirlər ki, burada da Göyçayda və Qəbələdə yerləşən 2-3 şirkət daha fəaldır. Amma Bakıda, Xaçmazda,  Qubada və digər bölgələrdə yerləşən istehsalçı şirkətlər, demək olar ki, bu sahədə fəaliyyət göstərmirlər.

Müxtəlif  ölkələrin mətbuatını araşdırdıqda Azərbaycanın sırf alqı-satqı ilə məşğul olan ticarət  şirkətlərinin də elektron ticarətə meylli olmadığını görmək olur. Məsələn, Belarusda fəaliyyət göstərən iri qənnadı fabriklərindən biri  ən çox mal satdıqları ölkələr sırasında Azərbaycanla Qazaxıstanın adını çəkib.  Fabrik elektron ticarətdən ümumiyyətlə istifadə etmir. Ən az təklif etdiyi partiya 18 ton, yəni bir iri yük maşınıdır.  “Bizim fiziki şəxslərlə birbaşa işləmək niyyətimiz yoxdur. Onlar üçün mağazalar var”,- deyə Belarus zavodunun marketoloqları “finance.tut.by” portalına bildiriblər.

Araşdırmalardan belə görünür ki, oxşar yanaşma Azərbaycan şirkətlərinə də xasdır və onlar “Alibaba” kimi elektron ticarət portallarının imkanlarını ciddi qəbul etmirlər. Halbuki, 1999-cu ildə Xançjoulu gənc iş adamı Ma Yun (Cek Ma)tərəfindən ilkin sərmayə kimi 60 min dollar yatırılaraq yaradılmış “Alibaba”nın inkişaf sürəti göstərir ki, dünyada onlayn ticarət getdikcə populyarlaşır. Portalda 240 ölkədən 65 milyondan çox istifadəçi qeydiyyatdan keçib. 35 min işçisi olan “Alibaba”nın illik dövriyyəsi 400 milyard dollara yaxındır. “Alibaba”da qoyulan təkliflər həm istehsalçı, həm də ticarətçi şirkətlər üçün maraqlıdır və hər çeşiddə məhsula rast gəlmək olur.

240@0

“Yerli istehsal idxalı tam əvəz edə bilmir. Ona görə də şirkətlər xarici bazarlara çıxmaq barədə düşünmürlər”.

İqtisad Universitetinin ticarət kafedrasının professoru Elşad Məmmədov ANS PRESS-ə müsahibəsində Azərbaycan şirkətlərinin onlayn ticarətdən uzaq durmasını onların yetərincə rəqabət qabiliyyətli məhsul istehsal etməmələri ilə izah edir: “Bizim əsas satış bazarımız Rusiyadır və nar məhsullarımız bu ölkədə tanınır, yəni rəqabət qabiliyyətlidir. Digər aqrar məhsullara gəldikdə isə, onlara daxili bazarda da ehtiyac var və yerli istehsal idxalı tam əvəz edə bilmir. Ona görə də şirkətlər xarici bazarlara çıxmaq barədə düşünmürlər”.

Elşad Məmmədovun fikrincə, Azərbaycan məhsullarının ixracını artırmaq üçün dövlət səviyyəsində aqrar istehsal dəstəklənməlidir: “Şirkətlərin bu sektora yatırım yatırması üçün stimullaşdırıcı addımlar atılmalıdır. Məncə, banklar istehlak kreditlərindən əl çəkib aqrar məhsullarını istehsalına sərmayə yatırmalıdır. Ölkə iqtisadiyyatını idxal rejimindən xilas etməyin vaxtı çatıb”.

Dünya ərzaq çatışmazlığı ildən ilə daha da qabarıqlaşır. Təsadüfi deyil ki, son iki ildə BMT öz əsas fəaliyyətini aclıqla mübarizəyə həsr edib. Bu baxımdan ərzaq istehsalı üçün genişq imkanlara malik Azərbaycanın aqrar istehsal üçün mövcud olan potensialını gerçəkləşdirilməsi çox vacibdir. Bankların və şirkətlərin sərmayələrinin ərzaq istehsalına yönəldilməsi Azərbaycana əlavə valyuta gəlirləri təmin etməklə yanaşı, regionlarda yüz minlərlə iş yerinin açılmasına imkan yarada bilər. Nəticədə, gündəlik qazanc üçün rayonda evini-eşiyini qoyub Bakıda şəraitsiz evlərdə kirayədə  qalan insanların çoxu geri qayıda bilər. Bu isə paytaxt Bakının bir çox probemlərinin də həlli deməkdir.

ANS-Press

Son xəbərlər
Digər xəbərlər