Azərbaycanda koronavirusa qarşı peyvənd olunmuş şəxslərə verilən Peyvənd Sertifikatının Avropa Birliyi ölkələrində tətbiq olunmuş elektron sistem tərəfindən tanınmadığı və oxunmadığı bildirilir.
Bunun Avropanın elektron sisteminin Peyvənd Sertifikatında qeyd olunan QR kodunu oxuya bilməməsi ilə bağlı olduğu deyilir.
Avropa ölkələrində təhsil alan şəxslərin sözlərinə görə, onlar Azərbaycanda “Pfizer” vaksini vurdursalar və bu barədə sertifikat alsalar da, Avropaya gedərkən həm hava limanında, həm də təhsil aldıqları yerlərdə problemlərlə üzləşirlər.
Azərbaycan tərəfindən verilən sertifikat niyə Avropada tanınmır? Ölkə niyə ümumi elektron sistemə qoşulmayıb?
Avropada təhsil alan Səyyad Yusifli Turan-a bildirib ki, ölkədən getməzdən qabaq bəzi sənədləri oxuduğu ölkənin rəsmi qurumlarına göndərib. “Viza, uçuş bileti, burdan aldığım Covid sertifikatı, bir də tələbə olduğum üçün universitetdən aldığım qəbul məktubu. Ora çatanda bir neçə gün sonra özləri yeni QR kod atdılar. Dedilər ki, orada ancaq özlərinin atdığından istifadə eləyə bilirəm, Azərbaycanda verilən QR kod keçmir”.
Onun sözlərinə görə, bu məsələ özünə çətinlik yaratmayıb.
“Çünki çatan kimi ala bildim yeni QR kodu. Amma gecikdirəndə problem yarana bilir, çünki əksər yerlərə QR kod olmadan buraxmırlar”.
Deputat Vüqar Bayramov isə bildirib ki, 2021-ci ilin ilk ayından sonra sərt karantin tədbirləri tətbiq etmədən yoluxma sayında kəskin artımın qarşısının alınması təqdirəlayiqdir.
“Bununla yanaşı, Peyvənd Sertifikatının elektronlaşması və eləcə də onun regional səviyyədə qəbul edilməsi baxımından, təəssüf ki, problemlər qalmaqdadır. Belə ki, Azərbaycanda verilən Peyvənd Sertifikatı hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınmır və oxunmur. Bu isə Peyvənd Sertifikatı olan Azərbaycan vətəndaşlarının bir sıra hallarda Avropada qapalı məkanlara daxil olmasını əngəlləyir. Çünki bizim vaksin sənəddə olan QR kodunu Avropada elektron sistem oxuya bilmir. Hətta “Pfizer” peyvəndindən istifadə edən vətəndaşlarımızın da Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər”.
Deputat qeyd edib ki, bu yaxınlarda İtaliyada səfərdə olduğu zaman Avropa Birliyinin elektron bazasına inteqrasiya olunmamağın Azərbaycan vətəndaşları üçün yaratdığı texniki problemləri müşahidə edib.
“Bu baxımdan, bu istiqamətdə işlərin sürətləndirilməsi çox vacibdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşdırılmasına və Avropa Birliyi elektron sisteminin inteqrasiyasına ehtiyac var.
Avropa İttifaqında birliyə üzv olmayan ölkələrin elektron inteqrasiyası baxımdan hər hansı əngəl yoxdur. Sadəcə, həmin ölkələr uyğun sahədə inteqrasiya oluna bilən elektron bazalarını formalaşdırmalıdırlar”.
Onun sözlərinə görə, Avropa İttifaqına daxil olmayan 28 ölkə artıq qitənin elektron bazasına inteqrasiya olunub.
“Cənubi Qafqazda yerləşən digər iki ölkə, Türkiyə, Moldova, Ukrayna elektron inteqrasiya olunan ölkələr sırasındadır və həmin ölkələrin vətəndaşlarının QR kodları Avropada tanınır və oxunur. Bizim Peyvənd Sertifikatının QR kodu isə hələ də qədim qitə sərhədlərində tanınmır”.
Səhiyyə Nazirliyindən Turan-a bildirilib ki, Azərbaycan Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmlərinin işlənilməsi üçün İşçi Qrup yaradılıb.
“İşçi Qrupun təklifləri əsasında Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PCR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar”ı qəbul olunub”.
Qurumdan qeyd olunub ki, bu Qərardan irəli gələrək, aidiyyəti dövlət qurumlarının iştirakı ilə xarici ölkələrlə COVID-19 sertifikatlarının qarşılıqlı tanıdılmasına dair ilkin müzakirələr keçirilib. “Müzakirələrin yekunlarına dair ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq”.
Hüquq müdafiəçisi Zaur Əkbər isə bildirib ki, bütün dünya, o cümlədən Azərbaycan da Peyvənd Sertifikatı verilməyə başlayan zamandan hökümətin müvafiq qurumları inteqrasiya məsələsini həll etməli idi. “Nəzərə alsaq ki, insanlar səfərlərə gedir və belə bir problemlərlə üzləşirsə, bu, hökümətin məsuliyyətindədir. İnsanlara COVİD pasportu verilirsə, sənəd beynəlxalq sistemə daxil edilməlidir, Avropanın müvafiq qurumları ilə, Ümumdünya Səhiyyə Təşkilatı ilə danışıqlar aparılmalı idi”.