Ötən il ölkəyə 1,6 milyon ton buğda idxal olunub. Yerli istehsalçılar tərəfindən isə həmin dövr ərzində ümumilikdə 1,854 milyon ton buğda istehsal olunub.
Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov bildirib.
İdarə rəisinin sözlərinə görə, əsas məqsəd tələbatın böyük əksəriyyətini yerli istehsal hesabına ödəməkdir: “Təəssüf ki, buna nail ola bilmirik. Ərzaq təhlükəsizliyini şərtləndirən amillərdən biri də kadr məsələsidir. İxtisaslı kadr olmasa, məhsul bolluğu yaratmaq, keyfiyyətə nail olmaq mümkün deyil. Bazarın tələbatına uyğun sortların yaradılması üçün işlər görülməlidir. Biz buğdanı həm istehsal etməli, həm də almalıyıq”.