Azərbaycanda turizm sektorunun inkişafı üçün növbəti beş ili əhatə edən yeni yol xəritəsi müəyyənləşib. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində xarici turistlərin sayının artırılması, turizm sektorunda mikro və kiçik sahibkarlığın dəstəklənməsi, yeni turizm məhsullarının yaradılması, nəqliyyat imkanlarının genişləndirilməsi və regionların turizm potensialından daha səmərəli istifadə edilməsi nəzərdə tutulur.
Proqramın əsas hədəflərindən biri 2030-cu ilədək Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının təxminən 3,8 milyona çatdırılmasıdır. Bəs bu hədəfə çatmaq nə dərəcədə realdır və nəzərdə tutulan tədbirlər Azərbaycanın turizm xəritəsini necə dəyişə bilər?
Turizm eksperti Ceyhun Aşurov deyib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün ilk növbədə Azərbaycanın xarici turistlər üçün əlçatanlığının artırılması vacibdir:
“Dünən təsdiq olunan turizmin inkişafı ilə bağlı proqramda xaricdən gələn turistlərin sayının 2030-cu ilə qədər artması proqnozlaşdırılır. Eyni zamanda, təxminən 3,8 milyon əcnəbi turistin Azərbaycana gəlməsi nəzərdə tutulur. Əlbəttə ki, burada müxtəlif subsidiya proqramları da əksini tapıb. Ümumiyyətlə, bu rəqəmə çatmaq üçün ilk növbədə ölkənin əlçatanlığını artırmaq lazımdır. Xüsusilə beynəlxalq hava limanlarımızın səmərəli işləməsi, çarter reyslərinə müəyyən subsidiyaların ayrılması və proqram çərçivəsində bunların işə düşməsi hədəf bazarlarından gələn turistlərin sayını artıra bilər. Ona görə də bu rəqəmlər kifayət qədər realdır”.
C.Aşurovun sözlərinə görə, Dövlət Proqramında mikro və kiçik sahibkarlıq subyektlərinə dəstəyin nəzərdə tutulması turizm məhsullarının çeşidləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır:
“Kiçik və mikro sahibkarlara subsidiya verilməsinə gəldikdə isə, bu istiqamətdə proseslər artıq davam edir. Proqramda rekreasiya zonalarının yaradılması, üç turizm mərkəzinin fəaliyyəti, turizm məhsullarının çeşidləndirilməsi və digər məsələlər nəzərdə tutulub. Həmin rekreasiya zonalarında investisiyalara müəyyən güzəştlərin və güzəştli kreditlərin verilməsi oradakı işləri daha da canlandıra bilər. Həmçinin turizm məhsullarının çeşidləndirilməsi baxımından da bu addımlar vacibdir”.
Ekspert Dövlət Proqramında turistlər üçün gündəlik, həftəlik və aylıq dəmir yolu bileti paketlərinin yaradılması ilə bağlı nəzərdə tutulan tədbirlərə də toxunub:
“Turistlər bir ölkəyə və yaxud destinasiyaya müvəqqəti gedən şəxslərdir və adətən çox uzun müddət qalmırlar. Ona görə də onlar üçün günlük və həftəlik bu cür biletlər daha maraqlı ola bilər. Amma öz sərnişinlərimiz, vətəndaşlarımız və yaxud turizm şirkətləri üçün daha uzunmüddətli biletlərin alınıb istifadə edilməsi faydalı ola bilər. Daha uzunmüddətli biletin alınması daha əlverişli qiymətlərin əldə olunmasına da səbəb ola bilər. Bu praktika bir çox qabaqcıl ölkələrdə mövcuddur və onun tətbiqi həm dəmir yolları, həm də sərnişinlər üçün fayda yaradır”.
C.Aşurov bildirib ki, dəmir yolu şəbəkəsinin və sürətli qatar marşrutlarının genişləndirilməsi regionlara turist axınının artmasına da təsir göstərə bilər:
“Hazırda qərb istiqamətində Bakıdan Gəncə, Tovuz və Ağstafa istiqamətinə sürətli qatarlarımız var. Qəbələ istiqamətinə də qatar hərəkət edir. Eyni zamanda, Zaqatala-Balakən istiqamətində də dəmir yolu fəaliyyət göstərir. Ümumiyyətlə, şaxələndirmə nə qədər çox olarsa, bütün istiqamətlərdə, o cümlədən cənub istiqamətində yenilənmə işlərinin aparılması və sürətli qatarların tətbiqi nəqliyyat məsələlərini bir o qədər rahatlaşdırar. Nəqliyyatın rahat olması isə turistlərin həmin istiqamətlərə daha asan hərəkət etməsinə şərait yaradır. Bu da həmin ərazilərə turizm destinasiyası kimi daha çox turistin cəlb edilməsinə imkan verir”.
Turizm eksperti Dövlət Proqramında nəzərdə tutulan Turizm Səfiri Proqramının Azərbaycanın xaricdə tanıdılmasına töhfə verə biləcəyini də vurğulayıb.
“Bunlar Azərbaycan turizmini tanıdacaq şəxslər və yaxud şirkətlər ola bilər. Əlbəttə ki, onlar ölkənin tarixini, siyasi və iqtisadi vəziyyətini yaxşı bilməlidirlər. Bu bilgilər əsasında ölkəni özləri sevib, başqalarına da sevdirməli, Azərbaycanı düzgün şəkildə təbliğ və təqdim etməlidirlər. Bu, çox vacibdir. Ümumiyyətlə, təqdimetmə mədəniyyəti turizmdə ən vacib məsələlərdən biridir. Düşünürəm ki, doğru şəkildə və doğru yerlərdə turizm səfirlərinin olması, onların ölkəni və turizm məhsullarını təqdim etməsi istənilən halda tanıtıma xidmət edər və turistlərin Azərbaycana marağını artıra bilər”.
Ekspert hesab edir ki, Dövlət Proqramının icrası turist axınının Bakı və ənənəvi turizm mərkəzləri ilə məhdudlaşmamasına, regionlarda da turizm infrastrukturunun inkişafına təkan verə bilər:
“Əlbəttə ki, turizm potensialı yüksək olan rayonlarımız və məkanlarımız var. Hazırda turistlərin əsasən Bakıda və infrastrukturu inkişaf etmiş bir neçə rayonda cəmlənməsi təbiidir. İlk növbədə, ona görə ki, ölkəyə xaricdən əsas giriş-çıxış nöqtəsi Bakıdır. Regionlardakı beynəlxalq hava limanlarımızın səmərəli işləməsi, turistlərin həmin hava limanlarından ölkəyə giriş-çıxışının artması regionların inkişafını ciddi şəkildə dəyişdirə, oradakı infrastrukturu inkişaf etdirə bilər. Bu, eyni zamanda, məşğulluğu artırar və iqtisadi fəallığın regionlar üzrə daha geniş paylanmasına şərait yaradar. Bu mənada düşünürəm ki, beynəlxalq hava limanlarımızdan daha səmərəli istifadə edə bilərik”.
C.Aşurovun sözlərinə görə, turistlərin yeni istiqamətlərə yönəldilməsi üçün regionların ayrıca turizm brendi kimi formalaşdırılmasına da ehtiyac var:
“Onsuz da ənənəvi olaraq bəzi rayonlarımıza turist axını var. Bununla yanaşı, yeni marşrutların hazırlanması və rayonlara turistlərin cəlb olunması üçün əlavə səbəblər yarada bilərik. Bunun üçün, təbii ki, həmin rayonların tanıdılmasına, turizm məhsullarının çeşidləndirilməsinə və rayonların özünün brendləşdirilməsinə ehtiyac var. Amma bütün bunlarla yanaşı, düşünürəm ki, ölkəyə gələn turistlərin sayının və ümumi turist axınının artması istənilən halda digər bölgələrə də müsbət təsir göstərəcək, həmin bölgələrə turist axınını artıracaq. Bu da yerlərdə təklifə təsir edəcək, infrastrukturun modernləşməsinə, yeni obyektlərin tikilməsinə, yeni hotellərin açılmasına şərait yaradacaq”.
Ekspert əlavə edib ki, turist sayının artması Azərbaycanda yerləşdirmə imkanlarının genişləndirilməsini də stimullaşdıra bilər:
“Proqramda da qeyd olunur ki, Azərbaycan hotellərin və ümumilikdə yerləşmə yerlərinin sayı baxımından dünya ortalamasından geri qalır. Hər 100 nəfərə düşən göstərici 0,25 olaraq göstərilib. Düşünürəm ki, Azərbaycanda turist axınının artması yeni hotellərin açılmasını da təşviq edəcək”.







