Azərbaycan xaricdən aldığı premium benzinin həcmi 68% artıb

Azərbaycan 2026-cı ilin ilk yeddi ayında xaricdən aldığı Aİ-95 premium benzinə 99,9 milyon dollar xərcləyib. Bu, ötən ilin eyni dövründəki 59,4 milyon dollarla müqayisədə 68,3% çoxdur. İdxalın fiziki həcmi isə 46,7% artaraq 70,7 min tondan 103,7 min tona yüksəlib.

Banker.az-ın hesablamasına görə, bunun fonunda Aİ-92 benzininin idxalı kəskin azalıb. 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə 3,4 min ton Aİ-92 benzin gətirilib ki, bu da illik müqayisədə 95,9% azdır. Ötən ilin eyni dövründə idxal 83 min ton təşkil etmişdi. Aİ-92 üzrə idxalın dəyəri də 96% azalaraq 64,4 milyon dollardan 2,6 milyon dollara düşüb.

Aİ-95 premium benzinin orta idxal qiyməti də yüksəlib. 2025-ci ilin ilk yeddi ayında bir ton üçün orta qiymət təxminən 840 dollar olduğu halda, cari ilin eyni dövründə 964 dollara çatıb. Beləliklə, orta idxal qiyməti illik 14,7% artıb.

Aİ-95 üzrə əsas tədarükçü 31,2 min tonla Rusiya olub. Bununla belə, Rusiyadan idxal illik 39,6% azalıb. Bolqarıstandan tədarük 1,4 min tondan 28,1 min tona yüksələrək təxminən 20 dəfə, Belarusdan idxal isə 3,1 dəfə artaraq 21,5 min tona çatıb. Azərbaycan həmçinin BƏƏ-dən 9 min ton, Yunanıstandan 6 min ton və Qazaxıstandan 3,3 min ton premium benzin idxal edib.

98 oktanlı benzinin idxalında da artım qeydə alınıb. İdxal həcmi illik 36,3% artaraq 1,04 min tondan 1,42 min tona, dəyəri isə 41,1% artaraq 1,3 milyon dollardan 1,8 milyon dollara yüksəlib. Bir ton üçün orta idxal qiyməti 3,6% artaraq təxminən 1 270 dollar olub.

Üç əsas benzin kateqoriyası üzrə ümumi idxal 2026-cı ilin ilk yeddi ayında təxminən 108,5 min ton təşkil edib. Bu, illik müqayisədə 29,8% azdır. İdxalın ümumi dəyəri isə 16,6% azalaraq 125,1 milyon dollardan 104,3 milyon dollara düşüb.

Bu arada, ölkədə Aİ-92 benzininin istehsalı illik 2,3% artaraq 828,4 min tona çatıb.

“Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban daha əvvəl Banker.az-a bildirib ki, Azərbaycanda Aİ-95 benzininin istehsalının məhdud qalması texnoloji səbəblərlə bağlıdır və Bakı Neft Emalı Zavodunda aparılan modernizasiya istehsalı planlaşdırılan səviyyəyə çatdırmağa imkan verməyib. Onun sözlərinə görə, hökumətin yeni neft emalı zavodunun tikintisi ilə bağlı qərarının səbəblərindən biri də budur. Ekspert hesab edir ki, 1953-cü ildə istismara verilmiş mövcud zavodun modernizasiya yolu ilə müasir tələblərə tam uyğunlaşdırılması mümkün deyil.

İqtisadiyyat naziri Mikayıl Cabbarov daha əvvəl bildirmişdi ki, SOCAR-ın dövlət dəstəyi ilə həyata keçirəcəyi yeni neft emalı zavodunun tikintisinin təxminən 5-6 il ərzində başa çatdırılması nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər