Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasındakı üçtərəfli görüş başa çatıb.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüş 10 saatdan artıq davam edib.
Görüşün yekunu ilə bağlı birgə bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.
Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin çağırışına cavab olaraq, tərəflər arasında görüş olub. Görüşün nəticəsində Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Həmçinin, Lavrov bildirib ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün substantiv danışıqları başlayır. Qəbul edilmiş sənədin 4-cü bəndinə görə, tərəflər danışıqlar prosesinin dəyişməzliyini təsdiqləyir.