10 C
Baku
Monday, November 18, 2024

Azərbaycan və İsrail XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb

Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsraillin xarici işlər naziri Eli Kohenin görüşündə müzakirə olunan məsələləri açıqlayıb.

Nazirlikdən bildirilib ki, görüş zamanı Azərbaycanla ilə İsrail arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini bildirib. Bu ilin yanvarında Bakıda keçirilən Xarici İşlər Nazirliklərimiz arasında illik Strateji Dialoqla yanaşı, İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsinin keçirilməsinin möhkəm dostluq və tərəfdaşlığımızın göstəricisi olduğunu bildirib. Azərbaycanın İsraildə səfirliyinin açılmasının strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüşdə C.Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini deyib. Həmçinin, nazir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla qeyd edib.

İsrailin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

Tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Daha sonra, nazirlər mətbuat konfransında bəyanatla çıxış ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər