Azərbaycan və Özbəkistan arasında ümumi dəyəri 389 milyon ABŞ dolları olan 10 investisiya layihəsinə start verilib.
Bunu TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi, müsahibənin hazırlandığı dövrdə həm də Özbəkistanın nəqliyyat nazirinin müavini vəzifəsini tutan Jasurbek Çoriyev bildirib.
Bu investisiya layihələrinə Azərbaycan Prezidentinin 23-24 avqust tarixlərində Özbəkistana səfəri zamanı start verilib.
“Bu layihələr arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin tikintisi layihəsi də yer alır. Birinci mərhələdə Nəməngan, Cizzəx, Səmərqənd, Sırdərya və Daşkənd vilayətlərində beş YDM-in tikintisi planlaşdırılır. Bundan başqa, “Yeni Daşkənd” massivinin ərazisində 4 hektar sahədə “Azərbaycan” parkının tikintisinə başlanılıb”, – J.Çoriyev bildirib.







