Prezident bu qanunu imzalamadan Milli Məclisə geri qaytarıb

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2026-cı il iyulun 14-də qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib.

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna dəyişikliklər təklif edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədova deyib ki, sənəddə rəqəmsal iqtisadiyyatın, İKT-nin, innovasiya ekosisteminin və startapların inkişafını yeni mərhələyə daşıyacaq genişmiqyaslı təkliflər təqdim edilib. Bu islahat qeyri-dövlət sektoruna aid edilən və dövlət payı 51 faizdən az olan özəl texnologiya subyektlərini əhatə etməklə, ölkənin texnoloji inkişafını sürətləndirməyi məqsəd qoyur. Bildirilib ki, iri sahibkarlıq subyektlərinin bu böyük vergi güzəştlərindən yararlanmaları üçün onların ümumi gəlirlərində ixracın xüsusi çəkisinin olması və vəsaitlərin yerli banklara gətirilməsi şərti qoyulub. Bu yeni rejim 1 yanvar 2027-ci ildən sonra şəhadətnamə alan yeni rezidentlərə şamil ediləcək, mövcud rezidentlər isə fəaliyyətlərini cari hüquqi statusları çərçivəsində maneəsiz davam etdirəcəklər.

Vurğulanıb ki, bu təkliflər Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması, intellektual kapitalın ölkəyə cəlb olunması və yerli innovativ brendlərin dünya bazarına çıxışının genişləndirilməsi baxımından yeni imkanlar yaradır.

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sənəddəki güzəştlərin əsas məqamlarından danışıb, onların vahid sistem şəklində təqdim olunduğunu vurğulayıb. O, güzəştlərin uzun müddətə nəzərdə tutulmasının investisiya cəlbediciliyi və rəqabət imkanları baxımından əhəmiyyətini qeyd edib.

İclasda yenilənmiş qanunun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub, müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər