Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Banker.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
– Hörmətli Kasım-Jomart Kemeleviç.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əziz qonağımız Qazaxıstan Prezidentini dövlət səfəri ilə qəbul etmək bizim üçün böyük şərəfdir. Kasım-Jomart Kemeleviç, xoş gəlmisiniz.
Bu gün qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi sahəsində artıq görülmüş işlərlə bağlı ətraflı diskussiyalar apardıq, həmçinin gələcək planlarımızı geniş müzakirə etdik. Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün, eyni zamanda, fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Yəni, belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə mənzərəni aydın göstərir. Biz təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq.
İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim. Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Sabah biz birlikdə bizim keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq bu mərkəzi açacağıq. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.
Həmçinin ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini də ətraflı müzakirə etdik. Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub.
Bununla yanaşı, biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.
İkitərəfli gündəliyə gəldikdə, bu gün Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı fəaliyyətimizin müxtəlif aspektləri ətraflı müzakirə olunub. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Nəqliyyat-tranzit məsələsi geniş müzakirə olunub, biz Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etmişik. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir.
Kasım-Jomart Kemeleviçlə bu gün apardığımız fikir mübadiləsi də göstərdi ki, biz də qonşularıq. Bizi təkcə Xəzər dənizi ayırır. Amma bu gün o da əngəl deyil, əksinə, Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. Hökumət üzvlərinin bir çox istiqamətlər üzrə geniş məruzələri dinlənildi.
Qarşılıqlı fəaliyyətimizin və birgə işimizin nəticələri, ən başlıcası, gələcək planlarımız həqiqətən də böyükdür.
Həmçinin neft-qaz sahəsində əməkdaşlıqla bağlı vəziyyət geniş təhlil edildi, yeni konkret layihələr müəyyənləşdirildi. Biz COP29 iqlim konfransına hazırlıq məsələlərini müzakirə etdik və qazaxıstanlı qardaşlarımıza bu çox mühüm beynəlxalq konfransa hazırlıq və onun keçirilməsi çərçivəsində əməkdaşlıq təklif etdik. Həmçinin humanitar əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu. Hər bir istiqamət geniş sahədir. Hökumət üzvlərinin məruzələrini dinləyəndə əyani şəkildə əmin olduq ki, artıq çoxlu iş görülüb, həm mədəniyyət günləri, həm müxtəlif tədbirlər, həm də xalqlarımızın görkəmli nümayəndələrinin xatirəsinin anılması, nəqliyyat, energetika əməkdaşlığı layihələrinin praktiki həlli, “yaşıl” enerji sahəsində əməkdaşlığın perspektivləri.
Biz paralel istiqamətlər üzrə irəliləyirik. Bu gün diskussiyalar çərçivəsində qeyd edildi ki, TransXəzər nəqliyyat marşrutunu meydana, deyərdim ki, dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi. Bu gün bunlara həmişəkindən daha çox ehtiyac var. Bu, bizi bir daha əmin edir ki, bütün işləri vaxtında görmək və yaxın perspektivdən bir az uzağa baxmaq lazımdır. Yalnız belə olan təqdirdə uğur qazanmaq mümkündür. Ona görə də əgər bu gün nəqliyyat infrastrukturuna investisiya qoymağa başlasaydıq, yəqin ki, indi həmin potensiala malik olmaq üçün onilliklər lazım gələrdi. İndi bu bünövrə üzərində biz nəqliyyat-tranzit imkanlarımızın, həm limanların, dəmir yollarının, həm də sinergiya yaradılmasının, vahid nəqliyyat kompleksinin qurulmasının genişləndirilməsini planlaşdırırıq. Bu kompleksdə rəqəmsallaşma ilə bağlı layihələr də dəstəklənəcək. Bu məsələlərdə biz paralel istiqamətlər üzrə hərəkət edirik. Həm Qazaxıstanda, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət yetirilir.
Mən həmkarımı Qazaxıstanın sosial-iqtisadi inkişafda, iqtisadiyyatın davamlı artmasında, beynəlxalq məsələlərdə nüfuzunun daim yüksəlməsində əldə olunan nailiyyətlərə görə təbrik etdim. Bu, bizim üçün çox mühümdür, qardaş xalqla qürur duyuruq. Çünki bu gün Qazaxıstan beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malikdir. Biz buna ürəkdən sevinirik. Qazaxıstana hər səfərdə dəyişikliklərin şahidi olursan. Mən Kasım-Jomart Kemeleviçə dedim ki, müasir, gözəl meqapolis olan Astananın salınması dünya tarixində nadir nümunələrdən biridir. Mənim hər səfərimdə, – artıq dediyim kimi, son ilyarımda dörd dəfə orada olmuşam, – inkişafın şahidi oluram. Bütün bunlar Prezident Tokayevin öz xalqının, dövlətinin rifahı naminə və dostlarının sevincinə səbəb olan islahatlarını əks etdirir. Biz münasibətlərimizi daha böyük məzmunla zənginləşdirmək üçün səmimi səylər göstəririk. Dövlət səfəri münasibətlərin ən yüksək səviyyədə nümayişidir. Səfərə hazırlıq çərçivəsində onu ciddi məzmunla zənginləşdirməyə çalışırdıq.
Bu yaxınlarda Astanada hökumətlərarası komissiyanın iclası keçirildi, sənədlər hazırlandı, nümayəndə heyətlərinin iştirakı ilə ancaq sənədlərin bir hissəsi imzalandı, digərləri işgüzar qaydada imzalanır. Gündəlik həqiqətən də genişdir, ən başlıcası konkret nəticələrə istiqamətlənib.
Dəvətimi qəbul etdiyi və Azərbaycana gəldiyi üçün Qazaxıstan Prezidentinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Artıq dediyim kimi, bu dialoqu daim saxlamaq və qərara gəldiyimiz, imzaladıqlarımızı həyata keçirmək üçün komandaların bütün üzvlərinə daimi impuls vermək məqsədilə biz yaxın vaxtlarda yeni görüşlər keçirməyi razılaşdırdıq.
Bir daha xoş gəlmisiniz.