Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi 90.55 mln. dollar, yaxud 13 faiz artıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 2021-ci ilin ilk üç rübündə Azərbaycan vətəndaşlarına, kapital xarakterli əməliyyatlar nəzərə alınmadan 772.47 mln. dollar həcmində pul köçürülüb.
Artıma əsas səbəb isə Rusiya Federasiyasından Azərbaycandakı fiziki şəxslərə göndərilən vəsaitlərin 56.9 mln. dollar, 16.1% artmaqla 409.35 mln. dollara çatmasıdır. Azərbaycana ən çox vəsait də məhz R.F.-dən daxil olur. Belə ki, ümumi göndərilən vəsaitlərin 53%-i (öncəki 51.7% idi) Rusiyadan daxil olur.
İkinci sırada dayanan isə hazırda iqtisadi çətinliklərin daha qabarıq müşahidə edildiyi Türkiyədəndir. Hətta böhrana rəğmən Türkiyədən Azərbaycan vətəndaşlarına göndərilən pul baratları 23.82 mln. dollar, yaxud 42.8% artımla 79.51 mln. dollara çatıb.
Üçüncü sırada ABŞ-dır. Bu ölkədən Azərbaycan vətəndaşlarına göndərilən pulların həcmi 6.23 mln., yaxud 15.3% yüksəlişlə 46.93 mln. dollara çatıb.
ƏRƏB ÖLKƏLƏRİNDƏN AZALIR
Körfəzin ən böyük iqtisadiyyatları sayılan Səudiyyə Ərəbistanı və BƏƏ-dən ölkə vətəndaşlarına göndərilən pul baratları müvafiq olaraq 12.5% azalma ilə 8.79 mln. dollara, 18.2% ilə 20.04 mln. dollara düşüb.
Ən kəskin azalma isə Gürcüstan və Almaniyadan daxil olan pul baratlarında müşahidə edilib.