2019-cu ildən avtomobillərin bahalaşacağını eşidən idxalçıların fəallaşması nəticəsində dekabr ayında idxal pik həddə çatıb.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2018-ci ilin dekabr ayında ölkəmizə 6 min 162 ədəd avtomobil, o cümlədən, 5 min 718 ədəd minik avtomobili idxal olunub.
Noyabr ayında ölkəmizə 3 min 378 ədəd cəmi avtomobil, o cümlədən, 3 min 84 ədəd minik avtomobili gətirilib, bu isə aylıq müqayisəni 1,8 dəfə artırıb.
2018-ci ilin 12 ayı ərzində ölkəmizə cəmi 28 876 ədəd avtomobil idxal olunub. Bu, 2017-ci illə müqayisədə, 2,2 dəfə çoxdur. 2017-ci ildə 13 098 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. İllik müqayisədə, minik avtomobili idxalı 11 610 ədəddən 26 147 ədədə yüksəlib.
2018-ci ildə Azərbaycana 28,876 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 26,147 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Burada artım 2,3 dəfədir.
2018-ci ildə Azərbaycana əvvəlki illə müqayisədə, 1,9 dəfə çox yük daşımaları üçün nəzərdə tutulmuş 2,3 min ədəd motorlu nəqliyyat vasitəsi və 132 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat gətirilib.