Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, dünyanın müxtəlif ölkələrində yüksək patogen quş qripi (YPQQ) xəstəliyinin yayılma arealı genişlənməkdədir.
Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması üçün Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi tərəfindən “Yüksək patogen quş qripi virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə respublikaya 1 (bir) günlük cücələr istisna olmaqla, diri toyuqların idxalının müvəqqəti qadağan olunması haqqında” Qərar qəbul olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə respublikamıza gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qeyd edək ki, yüksək patogen quş qripi virusu miqrasiya edən çöl quşlar ilə yanaşı, ölkələr arasında daşınan diri quşlar vasitəsilə də yayılır. Bu baxımdan müxtəlif məhsuldarlıq istiqaməti üzrə fərqli yaş qrupuna aid quşlar yüksək epizootoloji risk daşıyır.