Bu gün Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” tədbiri işə başlayıb.
Banker.az Report agentliyinə istinadən xəbər verir ki, sammit turizm sənayesində son tendensiyaları, o cümlədən Azərbaycan daxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır.
Tədbirin açılış mərasimində çıxış edən DTA-nın sədri Fuad Nağıyev bildirib ki, bu ilin 10 ayında Azərbaycana təxminən 2,7 milyon xarici vətəndaş səfər edib: “Onlar arasında ənənəvi ölkələrlə yanaşı Çin və Hindistan kimi ölkələrdən gələnlər də kifayət qədərdir. Amma turistləri ölkəyə çəlb etməklə iş bitmir, gələnləri ölkəmizə yenidən gəlməyə vadar etmək lazımdır.
Ötən il Azərbaycanın turizm sənayesi üçün çox yaddaqalan olub. Ölkəyə gələn xarici qonaqların sayında artım müşahidə edilib. Müasir tələblərə cavab verən marketinq işləri həyata keçirilib. Bu gün hotel sənayesinin üzvləri turizm sənayesinin inkişafında mühüm rol oynayırlar. Hesab edirəm ki, gələn il də bizi ciddi islahatlar gözləyir. Uğurlar çox olsa da, görüləcək işlər də çoxdur. Sağlam rəqabət mühitinin formalaşdırılmasının tərəfdarıyıq. Optimal qiymətlərin formalaşması mühüm əhəmiyyət kəsb edir”.