Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1342,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 20,0 faizi Türkiyə, 7,9 faizi İran, 4,7 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, hər birindən 3,2 faiz olmaqla Özbəkistan və Pakistan, 3,1 faizi İsrail, 2,6 faizi Hindistan, 2,5 faizi Çin, 2,3 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,1 faizi Almaniya, 1,0 faizi Böyük Britaniya, 12,6 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil edib. 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,0 faiz artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,6 faiz artaraq 531,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 32,8 faiz azalaraq 159,5 min nəfər, digər ölkələrdən gələnlərin sayı 10,8 faiz azalaraq 585,9 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4 faizi hava, 26,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib. 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 faiz azalaraq 1160,1 min nəfər olub.
Vətəndaşlarımızın 42,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox), 15,9 faizi Rusiya Federasiyasına (1,3 faiz az), 12,4 faizi Gürcüstana (8,0 faiz çox), 5,8 faizi İrana (36,3 faiz az), 23,2 faizi isə digər ölkələrə (4,1 faiz az) gedib. Gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil edib. 2026-cı ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.







