2025-ci ildə Azərbaycanda bankların nağd avro əməliyyatlarında illik müqayisədə kəskin dəyişikliklər qeydə alınıb. Əhalinin nağd avroya marağı əvvəlki illərlə müqayisədə zəifləyib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ildə bankların nağd avro alış həcmi 2024-cü illə müqayisədə 36.46% artaraq 131.09 mln. avrodan 178.87 mln. avroya yüksəlib.
Eyni zamanda, bankların nağd avro satışı illik müqayisədə 20.90% azalaraq 202.72 mln. avrodan 160.37 mln. avroya düşüb.
Bu dəyişikliklər nəticəsində nağd avro üzrə xalis axının istiqaməti dəyişib. Belə ki, 2024-cü ildə banklardan əhaliyə 71.63 mln. avro həcmində xalis axın olduğu halda, 2025-ci ildə əhalidən banklara doğru 18.50 mln. avro məbləğində xalis nağd avro axını formalaşıb.
Azərbaycan manatı ABŞ dollarına 1.7 USD/AZN məzənnəsi ilə sabitləndiyi üçün manatın digər valyutalara qarşı dəyəri əsasən dolların həmin valyutalara münasibətdə dəyişməsindən asılıdır. Son bir ildə Avrozonanın vahid valyutası avronun dollar qarşısında möhkəmlənməsi manatın avro qarşısında ucuzlaşmasına səbəb olub. Belə ki, 2025-ci ilin əvvəlində 1 avro 1.7724 manat olduğu halda, ilin sonuna bu göstərici 2.0022 manata yüksəlib. Nəticədə, 2025-ci ildə avro manat qarşısında təxminən 13% bahalaşıb.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda əhali banklara satdığı nağd ABŞ dollarının həcminə görə alıcılıqdan üstün mövqedə olub. İl ərzində əhalidən banklara xalis nağd dollar axını təxminən 318.2 mln. ABŞ dolları təşkil edib ki, bu da 2005-ci ildən bəri qeydə alınan ən böyük əks istiqamətli axındır. Halbuki, 2024-cü ildə 1.53 mlrd. ABŞ dolları həcmində nağd dollar axını banklardan əhali tərəfə olmuşdu.
2025-ci ildə bankların əhaliyə nağd dollar satışı 45% azalaraq 1.77 mlrd. ABŞ dolları, əhalidən alış həcmi isə 26% artaraq 2.09 mlrd. ABŞ dolları təşkil edib.







