Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzairin Qelma və Becaya əyalətlərində dabaq, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidində və Meksikanın Koauila ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən Əlcəzairin müvafiq əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidindən və Meksikanın Koauila ştatından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Agentlikdən bildirilir ki, Əlcəzairdən, Macarıstandan və Meksikadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.