Azərbaycanda gələcəkdə əlilliyə görə ödənilən pensiyaların məbləği itirilmiş əmək qabiliyyətinin dərəcəsinə görə veriləcək. Azərbaycanın tətbiqini planlaşdırdığı yeni sistemin şərtlərinə əsasən, pensiyaçı yalnız sağlamlığının itirdiyi hissəsinə görə pensiya alacaq. Hazırda bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilkin hazırlıq işləri görür.
Bunu əmək və əhalini sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə bildirib.
“Bu gün əmək qabiliyyətini itirmiş insanlara, I, II və III qrup əlillərə müqtləq şəkildə yanaşırıq. Amma sabah yeni sistemə keçəndə müəyyən olsa ki, bu insanın sağlamlığına dəymiş zərər nəticəsində əmək qabiliyyətinin, məsələn, 65%-ni itiribsə, deməli onun gəlirlərinin 65%-i kompensasiya olunacaq. Əmək qabiliyyətinin qalan 35%-i qarşılığında isə həmin şəxs gedib işləməli və gəlir əldə etməlidir. Bu sistemin formalaşmasına çalışırıq”, – deyə nazir bildirib.
S.Müslümov qeyd edib ki, hazırda ölkədə əlilliyə görə pensiya alanların 80%-i II qrup əlilləridir: “Bu qrupda pensiyanın baza hissəsi tam verilir və qazandığı vəsaitə uyğun da sığorta hissəsi müəyyən olunur. Lakin III qrupda 50% verilir, I qrupda isə şəxsin işləmək imkanı yoxdur və mövcud sistem bunu təmzimləmək imkanı vermir”.
Nazir əlavə edib ki, əlilliyi olan şəxslərin işlə təmin olunması üçün dövlət tərəfindən müvafiq şərait yaradılıb: “İşçilərinin sayı 10 nəfərdən artıq olan təşkilatlarda iş yerlərinin 3%-dək hissəsi əlilliyi olan şəxslər üçün ayrılmalıdır”.
Nazir bununla yanaşı yeni sistemə keçid zamanı müvafiq cərimələrin də tətbiq ediləcəyini istisna etməyb. “Dünya təcrübəsi göstərir ki, əlilliyi olan şəxslər üçün ayrıca iş yerlərinin açılması daha önəmlidir. Əgər gözləri görməyən insan sürücü ola bilməsə də, müəllim ola bilər. Yəni, ona uyğun iş tapmaq lazımdır ki, o, cəmiyyətdə yerini tapıb, çalışmağa davam etsin. Təbii ki, əmək qabiliyyətinin 100%faizini itirməyibsə”.
Xəzərxəbər