Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.
Hərraca 19-u səhmdar cəmiyyəti, 17-si kiçik dövlət müəssisə və obyekti, 75-i isə istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 111 dövlət əmlakı çıxarılacaq.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr – “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digərləri var. Onların investorlara təklif olunan səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Həmin əmlakların arasınmda ilkin start qiyməti ən çox olanı “Zaqatala Fındıq” ASC-dir. Bu müəssisənin səhmlərinin 30%-nə 126 min manata yaxın qiymət qoyulub.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Qazax, Mingəçevir, Yevlax, Cəlilabad, Siyəzən, Beyləqan, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 – 756 kv.m arasında dəyişir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şəmkir, Qazax, Şirvan və digər şəhər və rayonlarında yerləşir. Onların arasında Qazax şəhərindəki “Elviz” kiçik dövlət müəssisəsi, Şəmkir şəhərindəki “Çörək mağazası”, Şirvan şəhərindəki 27 saylı mağaza kimi iri dövlət əmlakları var.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 240 kv.m-ə, torpaq sahəsi isə 300 kv.m-ə yaxındır. Bundan başqa Yevlaxda yerləşən 7 saylı yeməkxana sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.
Özəlləşdirilməyə çıxaırlan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 58-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 1 – 240 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2879