16 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda 2018-ci ilin ilk 5 ayına olan inflyasiya rəqəmləri açıqlandı

2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2%, qeyri-ərzaq mallarının qiymətləri 3,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% bahalaşmışdır. Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb.

Cari ilin may ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3% ucuzlaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6% bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə sabit qalmışdır.

Ay ərzində unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, yumurtanın, marqarin və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, sarımsağın, soğanın, kartofun, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının, almanın, yerkökünün, göyərtinin, qəhvə və çayın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

May ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltar və ayaqqabıların təmirinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, avtomobillərin təmirinin, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, respublika daxilində istirahət turlarının, kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində bahalaşma, dəmiryol nəqliyyatı ilə respublika daxilində sərnişindaşıma xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, respublikadan kənara istirahət turlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur.

 

Son xəbərlər
Digər xəbərlər