2025-ci ilin 23 may ayına olan monitorinqə əsasən, Azərbaycanda ABŞ dollarının nağd satış məzənnəsi bəzi valyuta dəyişmə məntəqələrində Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi rəsmi məzənnə olan 1.70 manatdan aşağı enib.
Banker.az tərəfindən aparılan monitorinq göstərir ki, hazırda ABŞ dollarının nağd satışı bir neçə maliyyə qurumunda 1.6980 – 1.6990 aralığında təklif olunur.
Bu hal, banklar və valyutadəyişmə məntəqələrinin artıq alış-satış fərqindən (spread) minimal gəlirlə razılaşdıqlarını göstərir. “A Zuhur” MMC, “Eliko” MMC, “Meta Kapital” MMC və “MMK-014” MMC kimi valyuta dəyişmə məntəqələri hazırda 1.70-dən ucuz satırlar. Bu təşkilatlar adətən “spread”dən gəlir qazanırlar.
ABŞ dollarının 1.7 manatdan aşağı kursla satılması 2016-ci ildən bu tərəfə qeydə alınan nadir hadisədir. Həmin dövrdə isə dollar-manat cütlüyünün məzənnəsi hər gün fərqli istiqamətdə dəyişə bilirdi. Təqribən rəsmi məzənnə 1.63-1.70 intervalında dəyişirdi.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı artıq hərrac nəticələrini ictimaiyyətə təqdim etmir. Mərkəzi Bankın sədri Taleh Kazımovun əvvəlki açıqlamasına görə, sabit məzənnə rejimi şəraitində hərrac məlumatları bazarı tam əks etdirmir. İndi əsas göstəricilər olaraq məzənnə və valyuta ehtiyatları ön plandadır. Sədr həm də, hərraclardakı dəyişən həcmlər media və bir sıra ekspertlər tərəfindən həcmini əsassız müzakirələrə səbəb olub. O bunu “ədalətsiz” adlandırmışdı.
Kazımov onu da bildirmişdi ki, Dövlət Neft Fondunun (ARDNF) valyuta bazarındakı rolu ümumilikdə 30-35% civarındadır və bu da ümumi təklifin əsas hissəsini təşkil edir.
23 apreldə uçot faiz dərəcəsinə dair press-konfransda AMB sədri məzənnə ilə bağlı bir sıra açıqlamalar vermişdi. Məsələn, bankların dollarda istiqraz buraxmasını Mərkəzi Banka olan inamla əlaqələndirdi: “Mərkəzi Banka, onun sabit məzənnə rejiminə (1 dollar = 1.7 manat) güvənirlər. İnanırlar ki, AMB uzunmüddətli sabit məzənnə rejimi həyata keçirəcək”.