2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda aktivləri dondurulmuş şəxslərlə bağlı prosedur təsdiqlənib

Nazirlər Kabineti “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qayda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin (aktivləri dondurulmuş şəxslər) zəruri və gözlənilməz xərclərə tələbatının təmin edilməsi məqsədi ilə dondurulmuş aktivlərdən istifadə edilməsi qaydasını və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir.

Fiziki və ya hüquqi şəxslərin dondurulmuş aktivlərindən istifadə edilməsinə dair icazə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilir. Dondurulmuş aktivlərdən istifadə olunmasına dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir. BMT-nin Təhlükəsizlik Şurasının terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə yaradılmış Sanksiyalar Komitəsi tərəfindən tərtib edilmiş Birləşmiş Siyahı əsasında Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş və Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq olunmuş Beynəlxalq Siyahıya daxil edilmiş şəxslərin dondurulmuş aktivlərindən istifadəyə dair qərar müvafiq Komitənin rəyi nəzərə alınmaqla qəbul edilir. Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinin rəyini daxil olduqdan sonra 1 gün müddətində Dövlət Təhlükəsizliyi Xidmətinə göndərir. Dövlət Təhlükəsizliyi Xidməti bu hallarda, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinin mənfi rəyi olmadığı təqdirdə, həmin rəyin Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmasından sonra 1 gün müddətində aktivləri dondurulmuş şəxslərin aktivlərindən istifadə edilməsinə dair qərar qəbul edir. Rəyin alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən etibarən 2 gün müddətində həmin müraciəti BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinə göndərilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edir. Azərbaycan Xarici İşlər Nazirliyi isə 1 gün müddətində sözügedən müraciət əsasında BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinə sorğu ünvanlayır. Dövlət Təhlükəsizliyi Xidməti aktivləri dondurulmuş şəxslərin yazılı müraciətindən sonra 7 gün müddətində dondurulmuş aktivlərdən vergi və rüsumlar, sığorta ödənişləri (həyat yığım sığortası istisna olmaqla), kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri, mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri), maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları, fiziki şəxslərin, habelə onların ailə üzvlərinin həyatı üçün zəruri olan qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər, fiziki şəxslərin peşə fəaliyyəti ilə əlaqədar üzvlük haqları,. fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi məqsədi ilə zəruri olan xərclərə ehtiyacların ödənilməsinə icazə verir. Aktivləri dondurulmuş şəxslər öz müraciətlərində zəruri və gözlənilməz xərclərə ehtiyaclarını yazılı qaydada əsaslandırmalıdırlar. Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən 1 gün müddətində aktivləri dondurulmuş şəxsi müraciətin qəbul edilməsi və mövcud prosedur barədə məlumatlandırmalıdır.

Dondurulmuş hesabdakı qalıq vəsait zəruri və gözlənilməz xərclərə ehtiyacları ödəmək üçün kifayət etmədiyi təqdirdə, dondurulmuş hesablara ediləcək hər hansı ödənişlər və faizlər, hesablar dondurulan dövrə qədər olan müddətdə bağlanılmış müqavilə və yaranmış öhdəlik üzrə ödənişlər və aktivləri dondurulmuş şəxslərin xeyrinə ediləcək hər hansı digər ödənişlərdən istifadə olunmasına icazə verilə bilər. Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslər zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarından inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.

Son xəbərlər
Digər xəbərlər