6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda avronun qiymətinin oynaması nədən xəbər verir?

Manat dollara nisbətdə möhkəmlənəcək.

ABŞ-ın Federal Rezerv Bankının son qərarı Azərbaycanın valyuta bazarına da öz təsirini artıq göstərib. Belə ki, hazırda 1 avro – 1, 1900 manatdır.

Bu sözləri Oxu.Az-a iqtisadçı-ekspert Vüqar Bayramov ABŞ-ın Federal Rezerv Bankının son qərarının Azərbaycan valyuta bazarına təsirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, avronun məzənnəsində artımlar yaxın günlərdə də davam edəcək, amma bu, uzunmüddətli xarakter almayacaq.

“Kəskin artımlar gözlənilmir” – deyə, o əlavə edib.

V.Bayramov qeyd edib ki, Avrozonada baş verən ənənəvi proseslər də avronun bahalaşmasına mane olur:

“Yunanıstanda borc öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı problemlər qalmaqdadır. Bu da imkan vermir ki, avronun məzənnəsində kəskin artımlar olsun”.

Nəzərə alsaq ki, ABŞ dolların məzənnəsinin yumşalmasında kifayət qədər maraqlıdır. Ona görə də növbəti dövrlərdə dolların avroya nisbətən məzənnəsinin mərhələli şəkildə azalacağı proqnozlaşdırılır.

Ekspert qeyd edir ki, avronun məzənnəsinin yüksəlməsi, manatın dollara nisbətdə məzənnəsinin möhkəmlənməsinə səbəb olacaq:

“Bu onunla bağlıdır ki, Azərbaycan ikivalyutalı məzənnə siyasətinə keçib. Bununla avronun valyuta səbətində payı artıb”.

Qeyd edək ki, ABŞ-ın Federal Rezerv Bankı uçot dərəcəsini artırmaqdan imtina edərək 0-0,25% səviyyəsində saxlayıb. Ekspertlər isə bunu ABŞ-ın ixracatı artırmaq istəyi ilə əlaqələndirib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının iyunun 18-nə olan məlumatına görə, Azərbaycanda bir avro -1, 1900 manat təşkil edib. İyunun 17-də isə bu göstərici 1,1801 səviyyəsində olub.

Məlumat üçün bildirək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul etmişdi.

Son xəbərlər
Digər xəbərlər