Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) növbəti uğura imza atıb. Belə ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfinin icrası çərçivəsində məsafədən bank hesablarının açılması proseduru müəyyən edib.
Palata tərəfindən Banker.az-a verilən məlumata görə, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi nəticəsində müəyyən edilən bu prosedur bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsinə, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsinə müsbət təsir göstərəcəkdir. Yeni prosedura əsasən rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər bank hesablarının məsafədən açılması imkanı əldə edir. Bank hesablarının məsafədən açılması zamanı açılacaq hesabın növündən və bu hesab üzərindən həyata keçiriləcək ödəniş əməliyyatlarının məbləğindən asılı olaraq müxtəlif yanaşmalar müəyyən edilib. Məsafədən bank hesabları gücləndirilmiş elektron imza, video görüntü, müvafiq informasiya resursunda autentifikasiya kimi üsullardan istifadə edilməklə açıla bilər.
Bununla əlaqədar olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və bank ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilərək bank hesablarının məsafədən açılması prosesi, bu sahədə atılacaq addımlar və nəzərə alınacaq məsələlər müzakirə edilib.
Qarşılıqlı müzakirələr şəraitində keçən təqdimat zamanı bank nümayəndələrinin məsafədən bank hesablarının açılması ilə bağlı çoxsaylı sualları cavablandırılıb və bu sahədə yeni həllərin tətbiqinə toxunulub.