Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri aylıq müqayisədə 2.5% azalaraq 45 mlrd. 861.9 mln. manat, cəmi öhdəlikləri 3% azalaraq 40 mlrd. 200.2 mln. manat, balans kapitalı isə 2.5% azalaraq 5 mlrd. 661.7 mln. manata düşüb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə istinad edir.
Bununla belə, yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 mln. manat artaraq 19 mlrd. 669.6 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 55.2% (10 mlrd. 845.6 mln. manat), ıı) istehlak kreditləri – 29.5% (5 mlrd. 811.9 mln. manat) və ııı) ipoteka kreditləri – 15.3% (3 mlrd. 012.2 mln. manat). Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 82%-i və ya 32 mlrd. 968.8 mln. manat). Depozit portfelinin 64.6%-ni (21 mlrd. 282 mln. manat) hüquqi şəxslərin depozitləri, 35.4%-ni (11 mlrd. 686.8 mln. manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 mln. manat artmışdır. Əmanət portfelinin 53%- i (6 mlrd. 196.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18 mlrd. 818.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 88.4%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil etmişdir.
2023-cü ilin yanvar ayında banklar 90.3 mln. manat xalis mənfəət, 134.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 54% və 50% artmışdır.