9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bir ildə 12,1% inflyasiya qeydə alınıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3% bahalaşıb.

Ay ərzində düyü, un, qarabaşaq yarması, peçenye və paxlava, makaron məmulatları, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, pendir və yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, spirtli içkilər, armud, nar, heyvan, pomidor, xiyarın qiymətlərində bahalaşma, banan, alma, limon, naringi, xurma, şabalıd, kələm, göyərti, kök, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, dərmanlar, mebel və ev əşyaları, zərgərlik məmulatları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, fərdi kompüterlər, dəftərxana ləvazimatları, kitablar, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqları, məişət cihazları, avtomobillərin təmiri xidmətləri, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər