19 C
Baku
Thursday, May 2, 2024

Azərbaycanda bitki sağlamlığı üzrə ekspertlər klubu yaradılır – bu, nəyi dəyişəcək?

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində ictmai əsaslarla “Bitki sağlamlığı üzrə ekspertlər klubu”nun yaradılması planlaşdırılır.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

AQTA-dan verilən məlumata görə, klub bitki sağlamlığı sahəsində çalışan eskpertlərin fəaliyyətinin əlaqələndirilməsi, aparılan elmi araşdırmaların koordinasiyası və ictimai müzakirələrin həyata keçirilməsi məqsədi daşıyır. Belə ki, dünyada bitki mənşəli zərərli orqanizmlərin, o cümlədən xüsusi təhlükəli bitki viruslarının yayılması bitkiçilik məhsullarının məhsuldarlığına və beynəlxalq ticarətinə ciddi təhdid yaradır. Ölkəmizdə də kənd təsərrüfatı, meşələr və digər ekoloji sistemlərdə çoxsaylı zərərli orqanizmlərin yayılması riski mövcuddur və bu risklərin aradan qaldırılması üçün ölkədə fəaliyyət göstərən qurum və mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsinə, mövcud resurslardan istifadənin optimallaşdırılmasına ehtiyac var. Bu baxımdan, sözügedən klubun təşkili ilə Azərbaycanda bitki sağlamlığı ilə bağlı bütün maraqlı tərəflərin və mütəxəssislərin koordinasiyalı fəaliyyətini təmin etmək, əməkdaşlığı inkişaf etdirmək, prioritet məsələlər üzrə müzakirələr üçün ümumi platforma yaratmaq nəzərdə tutulur.

Klub üzvləri qarşısında duran başlıca vəzifələr ölkənin bitki sağlamlığı sahəsində önəmli olan istiqamətlərin müəyyənləşdirilməsi, tətbiqi elmi tədqiqat və tərəfdaşlıq tədbirlərinin planlaşdırılması, zərərvericilərin risk təhlili, erkən aşkarlama üçün müşahidələrin planlaşdırılması, zərərvericilərlə mübarizəyə töhfə vermək olacaq. Eləcə də bitki sağlamlığının müxtəlif aspektləri üzrə gənc tədqiqatçılara təlimlərin, ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasında bitki sağlamlığı sahəsində mövcud və hazırlanan qanunvericilik aktlarının ictimai müzakirəsinin təşkili, prioritet məsələlər üzrə tədqiqat layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi, əldə edilən elmi-tədqiqat və layihə nəticələrinin müzakirəsi yer alıb. Eyni zamanda Azərbaycanda nəşr olunmuş zərərli orqanizmlərlə bağlı elmi məlumatların toplanması, qiymətləndirilməsi və sistemləşdirilməklə məlumat bazasının yaradılması; ölkə üçün iqtisadi əhəmiyyətə malik kənd təsərrüfatı bitkilərində rast gəlinən zərərli orqanizmlər üzrə risk analizlərinin (ZRA) aparılması: zərərli orqanizmlərin diaqnostikası üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, klub üzvlərinin iştirakı ilə müxtəlif seminar, təlim və konfransların təşkili kimi istiqamətlər nəzərdə tutulur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər